Rusiya İrəvana “cavab zərbəsi” endirməyə hazırlaşır – Hədəf bəlli oldu

Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu-2024 çərçivəsində verdiyi açıqlamalarda Ermənistana qarşı sərt mövqe sərgiləyib. Hazırda iki ölkə arasında iplər qopmuş kimi görünür. Ermənistanın Aİ üzvlüyünə namizəd olacağı barədə fikirlər səsləndirilir. Həmçinin Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması çağırışları edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Lavrov daha əvvəl də Ermənistanın hazırkı rəhbərliyindən narazılığını bildirmişdi:

“Amma bu dəfə daha sərt danışdı və görünür, Rusiyanın səbri sonsuz deyil. Bu vaxta qədər Lavrov başda olmaqla əksər rəsmilər xarici qüvvələrin Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istədiyini iddia edirdi. İndi isə hədəf tamamilə dəyişərək Paşinyan və onun ətrafındakılara yönəlib. Deməli, Rusiyanın bu vaxta qədər Ermənistanla münasibətdə həyata keçirməyə cəhd etdiyi yumşaq güc fayda vermədi və bunu Kremldə dərk etməyə başlayıblar.

Rusiya Ermənistanı və onun indiki hakimiyyətini cəzalandırmağın labüdlüyünü qəbul etmiş kimi görünür, lakin cəza növü seçməkdə çətinlik çəkir. Çünki elə cəzalandırılmalıdır ki, Qərb onu xilas edə bilməsin və ağuşuna almasın. Eyni zamanda elə tədbir seçilməlidir ki, bumeranq kimi Rusiyanın özünə qarşı çevrilməsin”.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanla münasibətdə dilemma qarşısındadır:

“Bir tərəfdən imkan verə bilməz ki, Cənubi Qafqazda nüfuz dairəsindəki kiçik bir ölkə Avropa İttifaqı ilə münasibətlər qurmaq adı altında Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxsın. Digər tərəfdən Kreml Rusiya və onun nəzarəti altında olan təşkilata qarşı İrəvanın itaətsizlik göstərməsinə də imkan vermək istəmir.

Bütün bunlar və Lavrovun Ermənistan haqqındakı son bəyanatları yaxın günlərdə Rusiya tərəfindən Ermənistanın son demarşlarına layiqli cavab veriləcəyini düşünməyə əsas verir”.

Turan Rzayev
Globalinfo.az