irevan moskva scaled 1

Ermənistanın enerji sisteminin inkişaf göstəriciləri zəifləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Luys” Fondunun hazırladığı “Enerji Keçidi İndeksi – 2026” hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, Ermənistanın əsas enerji üstünlüklərindən biri sayılan Rusiyadan nisbətən ucuz qiymətə təbii qaz tədarükü gələcəkdə risk altına düşə bilər. Bildirilir ki, İrəvanla Moskva arasında münasibətlərin ciddi şəkildə pisləşəcəyi təqdirdə bu qiymət üstünlüyünün aradan qalxması mümkündür.

Fondun təhlilinə görə, hazırda təbii qazın münasib qiyməti, enerjinin əlçatanlığı və ekoloji cəhətdən təmiz yanacağın geniş istifadəsi Ermənistanın enerji sisteminin əsas üstünlükləri hesab olunur. Lakin bu üstünlüyün uzunmüddətli təminatının olmadığı və əsasən Ermənistan-Rusiya enerji əməkdaşlığının sabitliyindən asılı olduğu vurğulanır.

Hesabatda bildirilir ki, Ermənistan 2026-cı ildə Dünya İqtisadi Forumunun Enerji Keçidi İndeksində mövqeyini pisləşdirərək 120 ölkə arasında 65-ci yeri tutub. Ölkənin ümumi göstəricisi bir il ərzində 1,3 bal azalaraq 55,2 bala düşüb. Ən böyük geriləmə isə “Keçidə hazırlıq” alt indeksində qeydə alınıb.

Ən ciddi eniş “Maliyyə və investisiyalar” istiqamətində müşahidə olunub. Bu göstərici 59,9-dan 51,5 bala enib. Buna əsas səbəb kimi təmiz enerji sahəsinə yatırılan investisiyaların əhəmiyyətli dərəcədə azalması göstərilir.

Bundan əlavə, bərpa olunan enerji güclərinin artım tempinin zəifləməsi fonunda infrastruktur sahəsində də geriləmə qeydə alınıb. İnnovasiya göstəricisi isə bir il ərzində 24,5-dən 23,3 bala enərək ölkənin ən zəif istiqamətlərindən biri olaraq qalıb.

Region ölkələri ilə müqayisədə də Ermənistanın göstəriciləri aşağı səviyyədədir. Hesabata əsasən, ölkə yalnız İranı qabaqlayır, lakin Azərbaycan, Gürcüstan və Türkiyədən geri qalır.

Fondun qənaətinə görə, investisiya mühitinin yaxşılaşdırılması, infrastrukturun modernləşdirilməsi, innovasiyaların təşviqi və insan kapitalının inkişafı təmin edilmədiyi təqdirdə Ermənistan enerji sektorunda dayanıqlı irəliləyişə nail ola bilməyəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: