Kreml İrəvanda xüsusi əməliyyatlara hazırlaşır – Gərginlik

Rusiya-Ermənistan münasibətləri getdikcə kəskinləşir. Dünən Ermənistan Rusiyaya nota verdi. Ermənistan XİN Rusiyanın ölkədəki səfirini çağıraraq ona “Birinci kanal”da gedən verilişə görə etiraz edib və nota təqdim edib.

“Birinci kanal”da yayılan və Yutub kanalına yerləşdirilən verilişdə əvvəlcə Paşinyanın siyasi kariyerasına “işıq” tutulur. Hətta Paşinyanın demədiyi sözlərdən (Məsələn, Qarabağla bağlı) “sitat” da gətirilir.

Paşinyanı sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, Avropa Parlamentindəki çıxışıdır. O çıxış zamanı Paşinyan ayaqüstü alqışlandı. Orada qərbmeyilli, Rusiyaya qarşı kursu elan etdi. Bunu verilişin müəllifləri gizlətməyiblər.

Dövlət Duması isə Rusiyada yaşayan ermənilərə çətinlik yaradan qanun layihəsi üzərində işləyir. Duma deputatları Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqları zaman onların milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinin qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib. Bu haqda Dumanın spikeri Volodin məlumat yayıb. Əsas kimi Ermənistanda rus dilinin statusunun olmadığını söyləyib. Bir sözlə, iki ölkə arasında siyasi, diplomatik, hətta sosial-iqtisadi münasibətlər getdikcə bərbad hal alır.

Ötən həftə isə məlumat yayılmışdı ki, Putin Ermənistanı işğal etməyə hazırlaşır. İddialara görə bu hazırlıqlar Gümrüdəki 102-cü hərbi bazada aparılır.

Yerli ekspertlərin fikrincə, İrəvanla Moskvanın münasibəti nə qədər gərgin olarsa, bu, Azərbaycan üçün yeni imkanlar yaradır.

Maraqlıdır, gərginlik hara qədər davam edə bilər? Ermənistanda çevriliş, hakimiyyət dəyişikliyi bizə nə qədər sərf edir? Paşinyan getsə, onun yerinə kim gələr?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Paşinyanın dövründə Sorosçuların Ermənistanda iqtidar kürsüsünü ələ almağı, Ermənistan-Rusiya arasındakı münasibətlərin daha da dalana dirənməsinə səbəb olub:

Tural İsmayılov

“Bu gün açıq şəkildə Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilir və eyni formatda Rusiya da Ermənistanın bu ritorikasına qarşı kifayət qədər kəskin mövqelər nümayiş etdirir.

Əlbəttə ki, dünən Rusiya dövlət kanalında göstərilən reportajda Ermənistan siyasi rəhbərliyinin açıq aşağılanması və təhqir edilməsi Rusiya-Ermənistan arasındakı siyasi münasibətlərin təkcə pisləşmədiyini, həm də artıq nifrət ideologiyasına çevrildiyini göstərir. Bu, Rusiyanın Ermənistana təzyiqlərinə səbəb olacaq. Artıq Rusiya Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmadığı haqda qanun layihəsi hazırlayıb. Daha sonra mən iqtisadi baxımdan da Rusiyanın Ermənistana ciddi təzyiqlər göstərəcəyini düşünürəm. Çünki Rusiya yaxşı başa düşür ki, bu gün Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır və Rusiyanın siyasi-hərbi rəhbərliyinin də Rusiyaya qarşı Ermənistan ərazilərində oynanılan bu çirkin oyuna göz yummayacağını düşünürəm.

Rusiya mövcud Paşinyan hakimiyyətindən canını qurtarmaq üçün açıq-aşkar Ermənistanda çevrilişə, hakimiyyət dəyişikliyinə hazırlaşır. Kreml prosesi sürətləndirmək üçün əlindən gələni edir.

O ki qaldı Ermənistanda ehtimal hakimiyyət dəyişikliyinin bizə təsirinə, hesab edirəm, bu məsələ bizi elə də maraqlandırmır. Yəni Azərbaycan torpaqlarını işğaldan azad edib. Sülh prosesi istiqamətində danışıqlar davam edir. Mahiyyət etibarilə Paşinyan da sülh prosesini uzadır. Yəni onun yerinə gələcək şəxs bu prosesin qarşısını ala bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az