rovsen necef

Gələcəkdə əmək bazarında tələb olunan bacarıqların dəqiq müəyyənləşdirilməsi texnologiyanın sürətli inkişafı fonunda çətinləşir. Süni intellekt, robototexnika və avtomatlaşdırma ilə yanaşı, dəyişən şəraitə uyğunlaşmaq bacarığının da əhəmiyyəti artır.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Baku ID 2026” (Baku İnvestment Day) festivalında bildirib.

O vurğulayıb ki, bütün səviyyələrdə, o cümlədən peşə təhsilində əsas bacarıqlardan biri dəyişən şəraitə uyğunlaşmaqdır.

Rövşən Nəcəf əlavə edib ki, texnologiyanın gələcək inkişaf istiqamətini dəqiq proqnozlaşdırmaq çətindir. Buna görə də əsas hədəflərdən biri dəyişən vəziyyətlərə uyğunlaşa bilən insan kapitalının formalaşdırılmasıdır:

“Düşünürəm ki, işəgötürən olaraq bizim akademik dairələrin, universitetlərin dəstəyinə və onlarla sıx əməkdaşlığa ehtiyacımız var. Çünki ilk növbədə müəllimlərin, təlimçilərin və mentorların olması vacibdir ki, onlar müxtəlif bacarıqları öyrədə və gələcək nəsillərə ötürə bilsinlər.

Məhz buna görə Elm və Təhsil Nazirliyi, müxtəlif innovasiya və startap mərkəzləri, eləcə də müxtəlif beyin mərkəzləri ilə çox yaxşı əməkdaşlıq edirik.

Çünki bu proses müxtəlif tərəflərin genişmiqyaslı əməkdaşlığını və birgə fəaliyyətini tələb edir. Peşə məktəblərində müəyyən peşə və texniki bacarıqları öyrədə bilərik, lakin bu bacarıqlara paralel olaraq daha çox yumşaq bacarıqların da formalaşdırılmasına ehtiyac var”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: