kozinoglu

Silivri Həbsxanasında vəfat edən keçmiş MİT (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı istintaq davam edir. 

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Silivrinin keçmiş Baş Prokuroru, keçmiş həbsxana prokuroru və Kozinoğlunun iki kamera yoldaşı da daxil olmaqla, ümumilikdə dörd şübhəli haqqında həbs qərarı verilib.

İstanbul və Ankarada eyni vaxtda keçirilən əməliyyatlarda 3 şübhəli tutularaq nəzarətə alınıb. Kiprdə olduğu müəyyən edilən digər şübhəli ilə bağlı hüquqi proses davam edir.

Qeyd edək ki, keçmiş zabit və MİT əməkdaşı olan Kaşif Kozinoğlu Bosniya və Herseqovina və Əfqanıstanda uzunmüddətli xidmət keçib. Əfqanıstandan Türkiyəyə qayıtdıqdan sonra 2011-ci ildə həbs edilən Kozinoğlu həmin il noyabrın 12-də Silivri həbsxanasında idmandan sonra ürək tutmasından dünyasını dəyişib. Ailəsi Kozinoğlunun idmanla məşğul olduğunu və ölümünün şübhəli olduğunu bildirərək hadisənin araşdırılmasını tələb edib. Lakin açılan istintaq bir il sonra bağlanıb.

Sonradan ortaya çıxan iddialara görə, Kozinoğlu ürək tutması zamanı kömək istəyib. Həbsxana əməkdaşı Ferhat Veysi Gülün isə onun səslərinin eşidilməməsi üçün radionun səsini yüksəltdiyi bildirilir.

Daha sonra Gülün FETÖ üzvü olduğu və 15 iyul hadisələrindən sonra xaricə qaçdığı iddia edilib.

Bu iddialar və əvvəlki istintaq materiallarının yenidən gündəmə gəlməsi ilə iş üzrə araşdırma təkrar başladılıb.

İstintaq çərçivəsində Kozinoğlunun zəhərlənmiş ola biləcəyi ehtimalı da araşdırılır.

Paylaş: