“Mən “Kərki” deyəndə Kərki, Tiqranaşen haqqında danışanda isə “Tiqranaşen” deyirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin üzvləri ilə sual-cavab zamanı deyib.
“Bu gün biz sülh əldə etmişik və sülh prosesi uğurlu olub. Çünki biz başa düşmüşük ki, taleyimiz və ölkəmizin gələcəyi ilə bağlı qərarları özümüz qəbul etməliyik. Suverenlik də budur: sən nəyəsə qərar verirsən və həmin qərarı həyata keçirmək üçün mexanizmlər ortaya qoyursan”, – o bildirib.
Ermənistan hökumətinin başçısı Kərki adından istifadə etməsinin Azərbaycanı razı salmaq məqsədi daşımadığını vurğulayıb.
“Mən “Kərki” sözünü Azərbaycanın xoşuna gəlmək üçün deməmişəm. “Kərki” deyərək Ermənistanın daxilində və xaricində olan qüvvələrin istifadə etməyə başlayacağı mümkün hərbi toqquşmanın son nöqtəsini aradan qaldırmışam”, – deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, bununla qarşısına qoyduğu vəzifəni yerinə yetirib:
“Mən öz problemimi həll etmişəm. Bu problem nədir? Eskalasiyanın son mümkün imkanı zərərsizləşdirilib”.
Əliyar Xəlil
Globalinfo.az