2a3d1b6b0b8c4b772b62b26887bb6dbf

Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini və milli dəyərlərin qarşıdurma deyil, qarşılıqlı hörmət və həmrəylik müstəvisində inkişafına xüsusi əhəmiyyət verir. Məhz buna görə Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərlərinin toplantısının Qafqaz xalqlarının dini nümayəndələri və Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfransla eyni dövrdə keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın Türk dünyası ilə bağlılığını, Qafqazdakı tarixi mövqeyini və İslam dünyasının ayrılmaz hissəsi olduğunu paralel şəkildə nümayiş etdirən siyasi-mədəni platformadır”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Qafqaz Albaniyasına və Qəbələyə istinad etməsi də bu kontekstdə mühüm mesajdır:

“Azərbaycanın Qafqaz coğrafiyasındakı tarixi dövlətçilik və mədəni irsinin xatırladılması göstərir ki, ölkəmizin regional mövqeyi yalnız bugünkü geosiyasi reallıqlarla deyil, çoxəsrlik tarixi və mədəni təcrübə ilə də bağlıdır. Bu yanaşma Azərbaycanın Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərində fəal iştirakını tamamlayan mühüm tarixi əsasdır. Çıxışın ən vacib istiqamətlərindən biri isə Qarabağla bağlı mesajlardır. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri onlara 30 illik işğalın nəticələrini və hazırda həyata keçirilən bərpa prosesini birbaşa görmək imkanı verir.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Qarabağ həqiqətlərinin yalnız siyasi dairələrdə deyil, İslam dünyasının nüfuzlu dini və ictimai xadimləri qarşısında təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın Xocalı soyqırımını, dağıdılmış yaşayış məntəqələrini və məscidləri xatırlatması isə tarixi yaddaş məsələsinin Azərbaycan üçün prinsipial xarakter daşıdığını göstərir. Xüsusilə 65 məscidin Ermənistan tərəfindən tamamilə dağıdılması ilə bağlı səsləndirilən fikirlər Qarabağdakı dağıntıların yalnız milli-mədəni irsə deyil, dini irsə də vurulan zərər kimi təqdim edilməsinin göstəricisidir. Cənab Prezidentin, “Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”, – fikri Azərbaycanın mövqeyində yaddaş və gələcək təhlükəsizlik arasında birbaşa əlaqənin olduğunu ortaya qoyur. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan sülh prosesini dəstəkləməklə yanaşı, keçmişdə baş vermiş hadisələrin unudulmasını qəbul etmir. Əksinə, tarixi yaddaş gələcəkdə yeni qarşıdurmaların qarşısının alınması üçün mühüm siyasi və mənəvi təminat kimi təqdim olunur. Bu milli maraqlar baxımından da vacibdir. Belə ki, sülh yalnız müharibənin dayanması deyil, həm də tərəflərin bir-birinə qarşı yeni təhlükə yaratmayacağı dayanıqlı regional mühitin formalaşdırılmasıdır.

Ayten Qurbanova 1532
Aytən Qurbanova 

Prezident İlham Əliyevin çıxışında Qarabağın dağıdılmış simasından sonra dirçələn və yenidən məskunlaşan bölgəyə diqqət çəkilməsi də Azərbaycanın yeni reallığının əsas elementlərindən biridir. Beləliklə, dini liderlərin səfəri yalnız keçmişin faciələrini göstərmək məqsədi daşımır, eyni zamanda Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətini və “Böyük Qayıdış” prosesini nümayiş etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin çıxışının əsas siyasi mesajı odur ki, Azərbaycan həm tarixi yaddaşını qoruyur, həm də həmin yaddaşı gələcəkdə sülhün və sabitliyin təminatına çevirməyə çalışır.

Türk dünyası, Qafqaz və İslam aləmi nümayəndələrinin Bakıda bir araya gəlməsi də bu siyasətin mühüm tamamlayıcı elementidir. Beləliklə də, ölkəmiz öz milli maraqlarını qorumaqla yanaşı, müxtəlif coğrafiyalar və dini-mədəni platformalar arasında əməkdaşlığın genişləndirilməsini regional sabitliyin mühüm şərti kimi təqdim edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: