Bakıda əhali və nəqliyyat yükünün ildən-ilə artması paytaxt infrastrukturuna təzyiqi gücləndirir. Xüsusilə tədris ilinin başlaması, regionlardan Bakıya axının güclənməsi nəqliyyat sıxlığını daha da artırır. Bu fonda paytaxtın yükünün azaldılması üçün alternativ yanaşmalar, o cümlədən bəzi dövlət qurumlarının, universitetlərin və digər iri strukturların Bakıdan kənara köçürülməsi təklifləri yenidən gündəmə gəlir.
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Bakıdakı tıxac problemi çoxkomponentli və uzun illər ərzində formalaşmış problemdir:
“Əsas səbəblərdən biri əhalinin, iş yerlərinin, təhsil müəssisələrinin və xidmətlərin həddindən artıq dərəcədə paytaxtda cəmləşməsidir. Regionlarda davamlı və yaxşı gəlir gətirən iş yerlərinin çatışmazlığı da insanları Bakıya yönəldir. Ona görə problemin həllini yalnız paytaxt daxilində yeni yolların, tunellərin və yolötürücülərin tikintisi ilə məhdudlaşdırmamalıyıq. Əsas məsələ insanların Bakıya gəlmək məcburiyyətini azaldacaq iqtisadi və sosial mühitin regionlarda yaradılmasıdır”.
İqtisadçı bildirib ki, universitetlərin və nazirliklərin Bakıdan kənara köçürülməsi nəqliyyat baxımından gözlənilən effekti verməyəcək:
“Məsələn, “Xalqlar Dostluğu” ərazisində yaşayan tələbəni Bakıdan kənarda yaradılmış universitetə göndərsək, o, yenə uzun məsafə qət etməli olacaq. Həmin istiqamətə axın çoxalarsa, bu dəfə orada tıxac yaranacaq. Sadəcə, tələbənin gündəlik marşrutunun son nöqtəsi dəyişəcək. Eyni məsələ dövlət qurumlarına da aiddir.
Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis və digər əsas dövlət institutları Bakıda yerləşdiyi halda, nazirliklərin şəhərdən kənara çıxarılması onların digər dövlət qurumları ilə gündəlik koordinasiya və görüş ehtiyacını aradan qaldırmır. Ona görə əsas hədəf ayrı-ayrı qurumları Bakıdan kənara köçürmək yox, insanların yaşayış, iş və xidmət məkanlarını bir-birinə yaxınlaşdırmaq olmalıdır. Böyük meqapolislərdə də çalışırlar ki, insanlar yaşadıqları ərazilərə yaxın yerlərdə təhsil və iş imkanları ilə təmin olunsunlar”.
Asif İbrahimov
A.İbrahimovun sözlərinə görə, Bakıdakı yol infrastrukturu da ayrıca yanaşma tələb edir:
“Uzun illər ərzində salınmış yolların texniki-iqtisadi səmərəliliyi baxımından ciddi boşluqlara yol verildiyini düşünürəm. Məsələn, Ziya Bünyadov prospektində yolun bir çox hissəsi çoxzolaqlıdır, sonrakı hissədə isə yol daralır. Buna “butulka effekti” deyirlər. Altızolaqlı yol körpünün üzərinə çıxanda birdən-birə iki zolağa düşür və avtomobillərin hərəkətində sıxlıq yaranır. Bakının yükünü azaltmağın ən effektiv yollarından biri paytaxtdakı axını doğuran səbəbləri azaltmaqdır”.
Ekspert qeyd edib ki, regionlarda iş yerləri, iqtisadi fəaliyyət və xidmət imkanları yaradılmadan paytaxtın yükünü davamlı şəkildə azaltmaq mümkün olmayacaq:
“Şəhərdə iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması əsas hədəflərdən biri olmalıdır. Bu, həm regionların inkişafına, həm Bakının nəqliyyat yükünün azalmasına, həm də ölkə üzrə iqtisadi aktivliyin daha balanslı bölüşdürülməsinə gətirib çıxara bilər.
Bugünkü Azərbaycanın iqtisadi və rəqabət xəritəsinə baxdıqda görürük ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub dövlət büdcəsinə daha çox vergi ödəyənlər əsasən Bakı, Abşeron rayonu və ətraf ərazilərdə cəmləşiblər. İnsanlar da təbii olaraq regionlardan çıxıb Bakı və Bakıətrafı ərazilərdə işləməyə məcbur qalırlar. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az