İranda təyyarənin mühərrik nasazlığı səbəbindən qəza enişi etməsi ölkənin hava donanmasının vəziyyətini yenidən gündəmə gətirib. Qərbin sanksiyaları səbəbindən İran ilə Rusiyada təyyarələr köhnəlir, donanmalar yenilənmir və ehtiyat hissələrinin alınması ilə bağlı problemlər yaranır. Rusiyanın “Airbus” və “Boeing”dən ehtiyat hissələri Türkiyə üzərindən əldə etdiyi, bununla bağlı Ankaraya bir neçə il xəbərdarlıq edildiyi bildirilir və sözügedən vəziyyətin uzun müddət davam etməsinin çətin olduğu qeyd olunur.
İrana məxsus sərnişin təyyarəsində baş verən dəhşətli görüntülər nədən xəbər verir? Sanksiyalar İran və Rusiyanın aviasiyasına necə təsir edir? Bu vəziyyət gələcəkdə nə ilə nəticələnə bilər?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, aviasiya sektoruna qarşı sanksiyaların təsiri təkcə yeni təyyarələrin alınmasının məhdudlaşdırılması ilə bitmir:
“Bu, İran və Rusiya nümunəsində özünü göstərir. Əsas problem zaman keçdikcə daha ciddi xarakter alır. Təyyarələrin texniki xidmət, ehtiyat hissələri, istehsalçı dəstəyi zəncirindən qopması uzunmüddətli perspektivdə donanmanın yaşlanmasına, istismar xərclərinin və texniki risklərin artmasına gətirib çıxarır. İran bu problemin daha uzunmüddətli nümunəsidir. Onilliklərdir davam edən sanksiyalar nəticəsində ölkə müasir sərnişin təyyarələrini böyük həcmdə ala bilməyib və orijinal ehtiyat hissələrinə çıxışı məhdudlaşıb. Məlumatlara görə, İranın kommersiya təyyarələrinin əhəmiyyətli hissəsi müxtəlif texniki və maliyyə səbəblərindən istismarda deyil, ölkənin işlək donanmasının orta yaşı isə yüksəkdir. Bu şəraitdə İran aviaşirkətləri alternativ təchizat kanallarından, vasitəçilərdən və istifadə olunmuş təyyarələrdən yararlanmağa çalışırlar. Lakin bu mexanizmlər problemi tam həll etmir. Çünki müasir aviasiya təkcə təyyarədən ibarət deyil. Mühərrik, avionika, proqram təminatı, sertifikatlaşdırılmış ehtiyat hissələri, texniki xidmət və istehsalçının mühəndis dəstəyi vahid sistem təşkil edir”.
Rəşad Bayramov
Politoloq bildirib ki, Rusiyada proses daha yeni, amma miqyası böyükdür:
“Ukraynaya qarşı müharibədən sonra tətbiq edilən Qərb sanksiyaları “Airbus”, “Boeing” təyyarələrinin Rusiyaya satışını və ehtiyat hissələri ilə təchizatını məhdudlaşdırıb. Rusiya aviaşirkətlərinin parkında isə yüzlərlə xarici istehsal təyyarəsi var. Rusiyanın 700-dən çox əsasən “Airbus” və “Boeing” təyyarəsi üçün ehtiyat hissələrini mürəkkəb alternativ idxal kanalları ilə əldə etməyə çalışması da bunun nümunəsidir. Həmçinin bəzi təyyarələrin ehtiyat hissələri əldə etmək məqsədilə söküldüyünə dair məlumatlar var. Sanksiyalar təyyarələri dərhal uçuşdan çıxarmasa da, onların uzunmüddətli istismarını getdikcə daha mürəkkəb və bahalı edir. Əsas risk də məhz burada yaranır. Təyyarənin köhnə olması onun avtomatik olaraq təhlükəli olduğu anlamına gəlmir. Lakin texniki xidmətin keyfiyyəti, sertifikatlaşdırılmış hissələrin mövcudluğu və istehsalçı standartlarının qorunması ilə bağlı problemlər riskləri artırır”.
R.Bayramov qeyd edib ki, gələcəkdə Rusiya üçün əsas çıxış yollarından biri yerli təyyarə istehsalını sürətləndirməkdir:
“Moskva MC-21 kimi layihələrlə Qərb təyyarələrindən asılılığı azaltmağa çalışır. Lakin yerli istehsalın lazımi həcmdə qurulması vaxt tələb edir. İran üçün isə vəziyyət daha mürəkkəbdir. Çünki uzunmüddətli sanksiyalar artıq bir neçə onillik ərzində aviasiya parkının yenilənməsinə mane olub. Beləliklə, hər iki ölkənin qarşısında eyni strateji problem dayanır: dayanıqlı və müasir aviasiya ekosistemi yaratmaq. Əgər buna nail olmaq mümkün olmasa, təhlükəsizlik riskləri ilə yanaşı, köhnə təyyarələrin istismar xərclərinin artması, uçuşların azalması, biletlərin bahalaşması, aviaşirkətlərin maliyyə yükünün ağırlaşması və sərnişinlərin alternativ marşrutlara yönəlməsi kimi problemlər yaranacaq. Ən başlıcası isə texniki xidmət zəncirinin zəifləməsi uzunmüddətli nəticələrə səbəb ola bilər”.
Ləman İmran
Globalinfo.az