Azərbaycanda müxtəlif qurumların insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi layihələrin vahid məqsədlər ətrafında birləşdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, ayrı-ayrı qurumların yalnız öz göstəricilərinə deyil, ümumi inkişafı əks etdirən ortaq hədəflərə fokuslanması daha səmərəli nəticələr verə bilər.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID” (Baku İnvestment Day) festivalında bildirib.
O bildirib ki, əsas problemlərdən biri müxtəlif dövlət və özəl qurumların yalnız öz fəaliyyət göstəricilərini prioritetləşdirməsi və ümumi göstəricilərin diqqətdən kənarda qalmasıdır.
Nazirin sözlərinə görə, inkişafın ölçülməsi üçün çoxsaylı deyil, bütün tərəflərin paylaşdığı bir neçə əsas və vacib göstərici müəyyənləşdirilməlidir.
O qeyd edib ki, məsələn, təhsil sistemi üçün PISA nəticələri əhəmiyyətli göstərici olsa da, şirkətlər üçün əsas meyar məzunun işə başladıqdan sonra qarşıya çıxan problemləri həll edə bilməsidir.
Emin Əmrullayev qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Qarabağ Universitetində İT və texnologiya istiqamətində görülən işlərin də bu əməkdaşlığa nümunə olduğunu bildirib.
Zaira Akifqızı
Globalinfo.az