Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.

Globalinfo.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:

“Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır”.

TƏBİB İdarə Heyətinin sədri qızılca ilə bağlı valideynlərə çağırış edib:

“Valideynlərdən və vətəndaşlardan xahiş edirəm, övladlarında qızılca ilə bağlı hansısa simptom olduğu halda tibb müəssisələrimizə müraciət etsinlər. Xəstənin vəziyyətinin ağır və ya yüngül olmasından asılı olmayaraq, evdə müalicə etmək düzgün deyil. Xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var. Çünki infeksion, yoluxucu xəstəliklərin fəsadları çox olur. Buna görə bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik, nəzarəti də həyata keçirir, lazım olduğu zaman stasionar müalicəni də həyata keçiririk”.

Vüqar Qurbanov, həmçinin bildirib ki, məsuliyyət tibb müəssəsi ilə yanaşı vətəndaşın da üzərindədir:

“İlkin əlamət aşkar edildikdə tibb müəssisəsinə vaxtında müraciət edildiyi zaman yüksək səviyyədə xidmət təmin edilir. Xəstəxanaya gecikdirilmiş halda müraciət edildiyi zaman isə proses uzanır və vətəndaş üçün çətinlik yarana bilir”.