Qərbdən Ərdoğana çətin seçim şərti – Türkiyəni geopolitik tələyə salmaq istəyirlər

Avropa Komissiyasının vitse-prezidenti, yunan siyasətçi Marqarit Şinas bildirib ki, Türkiyə Avropa İttifaqı-Qərb-NATO ilə Rusiya-İran-HƏMAS arasında seçim etməlidir.

Son zamanlar Ankaranın Təl-Əvivlə münasibətləri əvvəlki dövrlərə nisbətən yumşalıb. Rəcəb Tayyib Ərdoğanın ritorikasında da bu amil müəyyən qədər hiss olunur. Türkiyənin daha çox vasitəçi rolunda olmağa, humanitar məsələlərə diqqət çəkməyə çalışdığı görünür.

Son baş verən hadisələrdə Avropanın açıq şəkildə Türkiyəni seçim qarşısında qoymaqda əsas planı nədir? Ankaranın hazırkı şəraitdə hansı addımı atması məqsədəuyğun olar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, bu məsələdə bir neçə məqam var:

“Türkiyə hazırda İsraillə münasibətlərini normallaşdırmağa çalışır. Artıq dövlətlər arasındakı məsələlər tənzimlənir. Türkiyə Prezidenti birbaşa İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqələr qurur. İki ölkənin xüsusi xidmət orqanları arasında əlaqə isə hələ ölkələrarsası münasibətlərin yaxşı olmadığı zamanlarda vardı və indi də davam edir. Türkiyə İran kimi açıq şəkildə anti-İsrail mövqeyi sərgiləmir. Digər tərəfdən isə aydın məsələdir ki, həm müsəlman həmrəyliyi, həm də Fələstinlə tarixi bağların mövcudluğu baxımından burada müsəlmanları müdafiə etməyə çalışır. Ankara iki dövlətlə də planlarına uyğun bir strateji yol izləyir”.


Turab Rzayev

Politoloq Ankaranın regionda maraqlı tərəflərlə tarazlı əlaqələrinə diqqət çəkib:

“Digər tərəfdən Türkiyə bölgədə müəyyən qədər söz sahibi olan Rusiya ilə də münasibətlərini qaydasına salır. Rəcəb Tayyib Ədoğan yeganə şəxslərdəndir ki, Rusiya, ABŞ, İsrail və Fələstin rəhbərləri ilə birbaşa əlaqə saxlaya bilir. Burada maraqlı məqam odur ki, Moskva bu dəfə açıq şəkildə Tehranın, HƏMAS qruplaşmasının mövqeyini müdafiə edir. Doğrudur, hücumu birbaşa dəstəkləməsə də, fələstinlilərin zülmə məruz qaldığını, əziyyət çəkdiklərini bildirir. İki dövlət də məsələnin həllinin tərəfdarı olduğunu bildirir. Bu mənada Türkiyə və Rusiyanın mövqeyi üst-üstə düşür. Sözügedən amilə görə Ankara Tel-Əvivlə münasibətlərin pozulmamasına çalışsa da, Moskva ilə ortaq mövqedən çıxış edir. Lakin Türkiyə digərlərindən fərqli olaraq bölgədə gərginliyin artmasının tərəfdarı deyil”.

T.Rzayev Türkiyəyə müraciət edən yunan siyasətçi, Aİ rəsmisinin əsas məqsədindən söz açıb:

“Avropadan bu cür ritorikanın səslənməsi təbiidir. Çünki Aİ bu məsələdə ABŞ və Böyük Britaniyanın izindədir, yəni birmənalı şəkildə İsraili dəstəkləyir. Hətta Fələstin xalqına göndərilən yardımları belə dayandırdılar. Sadəcə İspaniya, Danimarka və bəzi bir neçə ölkənin müqaviməti nəticəsində Avropadan Fələstinə göndərilən yardımları tam dondurmaq mümkün olmadı. Belə bir məqamda bəyanatı səsləndirən siyasətçinin kimliyinə də fikir vermək lazımdır. Nəzərə alsaq ki, bu şəxs yunan əsillidir, onun Türkiyəni seçim qarşısına qoymağa çalışması anlaşılandır. Elə ilk olaraq yunan siyasətçinin özündən soruşmaq lazımdır ki, Yunanıstan və Kipr niyə bu məsələdə NATO və Aİ-nin mövqeyini müdafiə etmir? Açıq şəkildə olmasa da, yunan mediasında və ictimaiyyətində anti-İsrail mövqeyi görünür. Kipr isə bu məsələdə aydın olaraq HƏMAS-ın yanındadır”.

Ayşən Mustafa
Globalinfo.az