Qarabağda iki nəfər minaya düşdü – YENİLƏNİB

Xocavənd rayonunda 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

***09:51

2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “Kamaz” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.