Qarabağa qayıdacaq insanların sayı açıqlandı

2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 17-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışında deyib.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, bu gün Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan fəal şəkildə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. “Böyük qayıdış” proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar.

S.Qafarova deyib ki, hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var. Spiker Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə etdiyini xatırladıb.