Qafqazda II Ukrayna ssenarisi işə düşür – Danielyan

“ABŞ açıq şəkildə bəyan edir ki, İran onlar üçün problemdir və bu səbəbdən də Azərbaycan Vaşinqtonun müttəfiqidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Bu, çox təbii və məntiqlidir. Vaşinqtonun Ermənistana qarşı heç bir xüsusi niyyəti yoxdur, amma onun üçün birinci dərəcəli hədəf öz maraqlarını irəlilətməkdir. Yəni Vaşinqton üçün İran dərhal həll edilməli problemdir. Əgər bunun üçün Ermənistanı qurban vermək lazım olsa, bu ediləcək” – o bildirib.

Danielyan Bakı ilə İrəvan arasındakı danışıqlar prosesində ABŞ-ın Ermənistana nə təklif etdiyini anlamağın çox vacib olduğunu söyləyib:

“ABŞ bəyan edir ki, sülh müqaviləsinin mətni üzərində iş gedir, eyni şeyi Rusiya da deyir. Burada söhbət iki fərqli sənəddən gedir ki, o da bu güclərin maraqlarına xidmət edəcək. Rusiya vurğulayır ki, regionu tərk etmək niyyətində deyil, ABŞ isə regiona daxil olduğunu deyir. Məntiqi baxımdan biz ikinci Ukrayna ssenarisini görə bilərik”.

İlkin Həsənov
Globalinfo.az