Prezidentin Kəlbəcər səfəri: dünyaya verilən geopolitik mesaj

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər edib. Səfər çərçivəsində Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Bundan başqa, ölkə başçısı və birinci xanım yerli sakinlərlə də bir araya gəlib.

Kəlbəcərlə bağlı nə planlaşdırılır? Bu səfərin siyasi mesajı, geopolitik göndərməsi nədir?

Elçin Mirzəbəyli

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik insan məskənlərindən biridir:

“Eyni zamanda, Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla sərhədinin uzunluğu 109 kilometrdir, yəni ən uzun sərhəd xətti Kəlbəcər istiqamətindədir. Və təbii ki, bu da Kəlbəcərin təhlükəsizlik baxımından da ölkəmiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir.

Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər böyük çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik. İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir və bütün bu proses cənab Prezidentin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir. Azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə münasibətdə dövlətimizin başçısının strateji, gələcəyə hesablanmış bir baxış  bucağı var. Bəzən mənə elə gəlir ki, gələcəyin Azərbaycanının quruculuq prosesi azad olunmuş ərazilərimizdən başlayır. Qarabağ, Şərqi Zəngəzur ən müasir, modern və milli Azərbaycanın gələcək modelidir.
Prezident İlham Əliyev və birinci xanım azad edilmiş ərazilərimizə tez-tez səfər edirlər. Bu səfərlər Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işlərinin dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət daşıdığını vurğulamaqla yanaşı, həm də stimulverici faktor kimi də qiymətləndirilə bilər.
Bütövlükdə isə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər Azərbaycan dövlətinin, xalqının nə qədər böyük qurucu potensiala və yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirir və 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən zehniyyətlə fərqimizi ortaya qoyur”.

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da deyib ki, Kəlbəcər Azərbaycanın gözəl guşələrindən biridir:

“Bu bölgənin təbiəti və resursları onun turizm üçün olduqca maraqlı bir məkana çevrilmək şanslarını artırır. Müalicəvi əhəmiyyəti olan sular isə Kəlbəcərdə beynəlxalq səviyyədə müalicə müəssisələri qurmağa imkan verir. Otuz il ərzində ermənilər işğal altında saxladıqları digər bölgələrimiz kimi Kəlbəcərin də təbii resurslarını müxtəlif yollarla yağmalamaqla məşğul olmuşdular. Kəlbəcəri “özününküləşdirən” bu əccinələr onun adını belə dəyişdirsələr də, orada daşı-daş üstə qoymamış və yalnız talançılıqla məşğul olmuşdular. Kəlbəcəri qədim erməni torpağı kimi qələmə vermək istəyənlərin yalanları ayaq tutsa da yerimədi.

Bu gün Azərbaycan hökuməti Kəlbəcərə yeni yollar çəkir, yeni kommunikasiyalar qurulur. Dövlətimiz Kəlbəcərdə dünyanın maraq dairəsində olan gözəl bir turizm və müalicə mərkəzi yaratmağı hədəfləyir. Yaxın bir neçə ildə genişmiqyaslı quruculuq işlərinin ilkin mərhələsi yekunlaşdırılacaq və biz onda Vətənimizin bu dilbər guşəsinin yeni vücudunu görə biləcəyik. Ermənilər isə bu məkanın əsl sahibinin kim olduğunu bir daha anlaya biləcəklər”.

Turan Rzayev
Globalinfo.az