Ərdoğan iki ölkəni bir araya gətirir – 75 illik münaqişə bitir?

 

Fələstin Prezidenti Mahmud Abbas iyulun 24-də Türkiyəyə rəsmi səfər edəcək. Diqqətçəkən məqam isə İsrail Baş naziri Benyamin Netanyahunun da iyulun 28-də Türkiyəyə gözlənilən səfəridir. Fələstin və İsrail liderlərinin 4 gün kimi qısa bir fərqlə Türkiyəyə səfər etməsi təsadüfi deyil.

Nə baş verir?

Hazırda Fələstin hakimiyyəti ilə İsrail arasında bütün əlaqələr kəsilib. Buna səbəb İsrail ordusunun (ÇAXAL) İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirməsidir.

Ümumiyyətlə, iki ölkə arasında gərginlik vaxtaşırı artırdı. Bununla belə, diplomatik təmaslar kəsilmirdi. Tərəflər hər nə qədər mübahisəli məqamlarda fikir ayrılığı yaşasalar da, diplomatik qapılar açıq tutulurdu.

Hazırda Fələstin hakimiyyətinin belə radikal qərar verməsi narahatlıq doğurur. Və bu proseslərin daha da gərginləşməsi ehtimallarını artırır.

Ankaranın vasitəçiliyi

Türkiyə Fələstin və İsrail gərginliyinin yumşalmasında vasitəçi ola bilər. Ankara İsraillə münasibətlərin normallaşmasında maraqlıdır. Tərəflərin rəsmilər səviyyəsində etdiyi səfərlər fonunda gərginlik özünü münasibətlərin normallaşması ilə əvəzlədi. Hazırda Təl-Əviv və Ankara arasında münasibətlər 2010-cu ildən əvvəlki kimi olmasa da, qənaətbəxş hesab etmək olar.

Ankaranın Fələstin məsələsində mövqeyi dəyişməz qalır. Türkiyə Qüdsü “qırmızı xətt”i olaraq qəbul edir. Bundan başqa, İsrailin genişlənməsi, aqressiv mövqeyi də Ankara tərəfindən xoş qarşılanmır.

Bütün bunlara baxmayaraq, Türkiyə hazırkı gərginliyin səngiməsi və diplomatik təmasların qurulması istiqamətində tərəfləri razılığa gətirə bilər. Məsələ ondadır ki, region üçün ortaq təhdid İrandır. Rəsmi Tehran faktiki olaraq HƏMAS-ı dəstəkləyir və onun üzərindən prosesi gərginlik kontekstində saxlayır.

Misal üçün, bu yaxınlarda HƏMAS-ın siyasi qanadının rəhbəri İsmail Haniyə və onun rəhbərlik etdiyi nümayəndə heyəti İranın dini rəhbəri Əli Xamenei ilə görüşüb. Görüşdən sonra HƏMAS-ın aktivliyi, xüsusilə İsraildə terror cəhdləri qeydə alınıb. Və yenə bu görüşdən sonra İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Mahmud Abbas və Benyamin Netanyahu ilə ayrılıqda keçiriləcək görüşdən sonra Ankara onları bir araya gətirə və ən azı, gərginliyin səngiməsi, diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlara başlaya bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı