Əliyevin andiçmə mərasimində diqqətçəkən məqam

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində bir çox məsələlərə toxunub, o cümlədən ölkə başçısı çıxışında vətəndaş cəmiyyəti institutu ilə bağlı da olduqca maraqlı və vacib fikirlər səsləndirib.

Prezidentin çıxışından sitat: “Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz. Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin  yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib ki, cənab prezidentin son dönəmdə vətəndaş cəmiyyəti institutlarının vacibliyi haqqında öz çıxışlarında qeyd etməsi olduqca sevindirici haldır.

O bildirib ki, dünənki andiçmə mərasimində cənab prezidentin həmrəylik və vətəndaş cəmiyyətinin bundan sonra da gücləndirilməsi istiqamətində atılacaq adımları vurğulaması olduqca vacib məsələdir:

“Bu həm də onu göstərir ki, 30 illik işğal dövründə aparılan informasiya mübarizəsi, reallıqların dünyaya çatdırılması, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, Qarabağı ermənilərin işğalından azad etdiyimiz dövrdə həm vətəndaşların bu məsələ ilə bağlı səfərbər olması, gənclərimizin buradakı fövqaladə rolları, həm ön cəhbədə, həm də arxa cəhbədə uğurlu siyasətin aparılması və sözsüz ki, dövlət tərəfindən diplomatik siyasətin uğurla həyata keçirilməsi vətəndaş cəmiyyətinin həmrəyliyi üçün münbit şərait yaratmışdır. Ümumiyyətlə, vətəndaş cəmiyyəti nə qədər güclü olarasa, ölkəyə kənar müdaxilələrin, təsirlərin qarşısı alınar. Azərbaycan dövləti əleyhinə atıla biləcək adımların neytrallaşdırılması üçün ən uğurlu institlardan biri də vətəndaş cəmiyyəti təsisatlarıdır. Vətəndaş cəmiyyəti institutları yalnız Azərbaycanda mövcud vəziyyətlə bağlı mübarizə aparmır, həm xaricdə, həm də daxildə bu məsələni gündəmə gətirir. Vətəndaş cəmiyyəti institutları beynəlxalq təşkilatlarda, beynəlxalq platformalarda, əsasən, müzakirə olunan diplomatik münasibətlərdə, Azərbaycan reallıqlarını gündəmə gətirir”.

Günel Səfərova

G.Səfərovanın sözlərinə görə, qeyri hökumət təşkilatları hazırda daha aktiv fazaya keçib:

“Bu, kəmiyyətdən keyfiyyətə keçiddir artıq. Qeyd edim ki, bu sektor ekoloji problemləri daha tez-tez gündəmə gətirir. Qarabağın işğal altında olduğu müddətdə Ermənistanın ekoloji böhrana gətirib çıxardığı adımları araşdırılır. 2022-ci iluin dekbarından Şuşa-Xankəndi yolunda başlayan aksiyada eko-aktivistlərin, Azərbaycan QHT-lərinin rolu danılmazdır. Hazırda Cənubi Qafqazda Ermənistanın ekoloji böhran yaradacaq hərəkətlərini və orada dağ-mədən sənayesinin regiona vurduğu ziyanı gündəmə gətirilir. Eyni zamanda buna vətəndaş cəmiyyəti olaraq insan hüquqları prizmasından yanaşırıq və bir sözlə, burada vətəndaş cəmiyyətinin ciddi həmrəyliyi nümayiş olunur. Həm də bu, vətəndaşların seçkidə həmrəy olmağına da gətirib çıxardı. Hamı bir nəfər kimi seçkiyə getməyə çalışırdı və bu seçki əslində, son 30 ildə Azərbaycanın bütün ərazilərində keçirilən seçki kimi tarixə düşdü. Buna görə də bir vətəndaş və ictimai fəal olaraq cənab prezidenti təbrik edirəm. Ona görə təbrik edirəm ki, ilk dəfə prezidentimiz sayəsində seçkilər suveren Azərbaycanın tam ərazi bütövlüyü çərçivəsində həyata keçirildi. Bu da bir daha bizim həmrəyliyimizi göstərmiş oldu”.

Müsahibimiz deyib ki, gedişata görə artıq növbəti fazada vətəndaş cəmiyyəti həm ictimai nəzarət məsələsində, həm idarəçilikdə əvvəlcədən yarana biləcək problemlərin həlli istiqamətində addımlar atacaq.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, prezidentin andiçmə mərasimi zamanı müxtəlif sahələrlə birlikdə vətəndaş cəmiyyətinə də yer ayırması sevindirici haldır:

“Əslində, ölkə başçısının nitqi əsasən dövlətin strateji xəttinə, beynəlxalq münasibətlərə, ölkənin sosial sistemi ilə bağlı olan məsələlərə həsr olunmuşdu. Vətəndaş cəmiyyətinə də bu məqamda diqqət ayırmağı xoş oldu. Cənab prezident çıxışında vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı addımların atılacağını qeyd etdi. Bu da onu göstərir ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Cəmiyyət üçün yeni imkanların yaradılması istiqamətində müəyyən işlər görülməsi etimal olunur. Hesab edirəm ki, burada cənab prezident həm də vətəndaş həmrəyliyinin yaradılmasında, dövlət siyasətinin həyata keçirilməsində maraqlıdır və vətəndaş cəmiyyətinə də xüsusi diqqət ayıracaq”.

Cəsarət Hüseynzadə

C.Hüseynzadə bu vaxta kimi prezident İlham Əliyevin müxtəlif çıxışlarında vətəndaş cəmiyyəti ilə bağlı xüsusi qeydlərininin şahidi olduğunu bildirib:

“Cənab prezident hər zaman Azərbaycan QHT-lərinin fəaliyyətini yüksək qiymətləndirib. 2022-ci ilin dekbarından 2023-cü ilin aprel ayına kimi Şuşa-Xankəndi yolunda QHT-lərin, eko-aktivistlərin fəallığı, aksiyaları da zaman-zaman prezident tərəfinfən təqdir olunub. Cənab prezident bütün çıxışlarında, müsahibələrində, nitqlərində vətəndaş cəmiyyətinə xüsusi yer ayırır. Bu da onu göstərir ki, Azərbaycan dövləti tərəfindən vətəndaş cəmiyyəti hər zaman diqqətdədir və mövcud reallıqları, şəraiti nəzərə alaraq dövlət tərəfindən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı adekvat addımlar atılır. İnanıram ki, ölkəmizin qarşısında duran hədəfləri nəzərə alaraq, vətəndaş cəmiyyəti bu çağırışlara adekvat cavab verəcək”.

Zaira Akifqızı
Globalinfo.az