Afrika qitəsində gedən tektonik proseslərin gözləniləndən daha sürətlə inkişaf etdiyi müəyyənləşdirilib.
Globalinfo.az xəbər verir ki, Kolumbiya Universitetinin tədqiqatçıları Keniyada yerləşən Turkana riftindən əldə olunan seysmik məlumatları araşdıraraq qitənin yeni okeanın yaranması istiqamətində irəlilədiyini bildiriblər.
Araşdırma zamanı məlum olub ki, qırılma xətlərinin kənarlarında yer qabığının qalınlığı təxminən 35 kilometr olduğu halda, riftin mərkəzində bu göstərici 13 kilometrə qədər azalır.
Kolumbiya Universitetinin geoloqu Kristian Rouen bildirib ki, yer qabığının qalınlığının 15 kilometrdən aşağı düşməsi onun geri dönməz şəkildə parçalanma mərhələsinə daxil olduğunu göstərir. Onun sözlərinə görə, qabıq incəldikcə müqavimət azalır və çatlama prosesi sürətlənir.
Tədqiqatçılar hesab edirlər ki, bu proses davam edərsə, Afrika qitəsinin bir hissəsi zamanla ayrılaraq yeni okean hövzəsinin formalaşmasına səbəb ola bilər.
Tahir Turan
Globalinfo.az