Paşinyanın Qarabağ erməniləri ilə bağlı qara planları – Bakının çoxvariantlı gedişi

Ermənistan Qarabağı könüllü surətdə tərk edən erməniləri Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

Belə ki, Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan son açıqlamasında Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin öz mülkiyyətlərinə görə kompensasiya almaq hüquqlarının olduğunu iddia edib. Diqqətçəkən məqam bundan öncə bənzər iddialar ilə Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyanın, keçmiş ədliyyə naziri Gevorq Danielyanın və digər erməni rəsmilərin də çıxış etməsidir.

Ümumi tələb belədir ki, ermənilər dəymiş mülki-mənəvi, habelə sağlamlıq zərərinə görə iddialar qaldırmalıdır. Bu kimi iddialar ilə çıxış edən şəxsləri aydın məsələdir ki, nə Qarabağ erməniləri, nə də onların problemləri maraqlandırır. Onların məqsədi Azərbaycana qarşı yeni iddialar irəli sürülməsi üçün ictimai rəy formalaşdırmaqdır. Təlimat isə birbaşa mərkəzi hakimiyyətdən gəlir.

Ermənistan yaxşı bilir ki, mövcud şərtlər onun əleyhinədir. Bir yandan Qarabağdan köçüb gələn ermənilər, digər tərəfdən Azərbaycan sülh prosesi çərçivəsində irəli sürdüyü şərtlər İrəvanı küncə sıxışdırıb.

Nikol Paşinyan üzləşdiyi vəziyyəti fürsətə çevirmək istəyir. Söhbət həm Qarabağ ermənilərini ucuz işçi qüvvəsi kimi ölkədə saxlamaq, həm də onlardan sülh prosesində Azərbaycanı bəzi məsələlərdə güzəştə getməyə məcbur etmək üçün istifadə etməkdən gedir.
Paşinyanın planı heç də uğursuz plan deyil. Əhalisi müharibələrdən və davamlı xarici ölkələrə köçlərdən azalan, demoqrafik böhran içərisində olan Ermənistan üçün Qarabağ erməniləri yeni bir nəfəsdir. Lakin Paşinyanın Qarabağ ermənilərindən Azərbaycana qarşı təzyiq elementi kimi istifadə edib danışıqlarda güzəşt əldə etmə cəhdi uğursuz, bir qədər də köhnə variantdır.

Birincisi, Qarabağ erməniləri Azərbaycandan qovulmayıb. Onlar öz istəkləri ilə Qarabağı tərk edib. Bu məlumat BMT-nin regionda həyata keçirilən iki missiyası və Ermənistandakı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən də təsdiqlənib.

BMT missiyasının hesabatında Azərbaycanın hər hansı zorakılıq tətbiq etmədiyi, habelə humanitar hüquqa hörmət edildiyi erməni əsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısının alındığı açıq şəkildə qeyd edilib.

İkincisi, ermənilərə ciddi şəkildə mülki-mənəvi, habelə sağlamlıq zərəri dəyilməyib. Öz istəkləri ilə Qarabağı tərk etdikləri üçün istədiklərini də aparmaq icazəsi verilib. Bundan başqa Azərbaycan geri qayıdıb vətəndaşlığı qəbul edəcəkləri təqdirdə mülklərində yaşaya biləcəyini açıq şəkildə bildirib.

Üçüncüsü, bu iddiaları irəli sürən Ermənistan hakimiyyəti unudur ki, məsələni hüquqi müstəviyə çıxarmaq ilk növbədə onun özünə ziyan vura bilər. Belə ki, Azərbaycanda Ermənistan ərazisindən və Azərbaycanın 20 faiz torpaqlarından qovulan bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Onlar Qarabağı öz xoşları ilə məcburiyyətsiz tərk edən ermənilərdən fərqli olaraq, ev, avtomobil, mal-qara, bir sözlə, hər şeylərini atıb qaçmağa məcbur olublar. 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqları talanıb, şəhərlər, kəndlər yer üzündən silinib. Bütün bunlar isə BMT hesabatlarında, insan haqları təşkilatlarının yayımladığı məlumatlarda, habelə müxtəlif media orqanlarının arxiv materiallarında var.

Nəticə etibarilə Paşinyan ağıllı və cəld tərpənib Azərbaycanı küncə sıxışdırmaq istəsə də unutduğu məqam Azərbaycan bütün bu həmlələrə öncədən hazırlıqlıdır. Özü də rəsmi dəlil, sübut və hüquqi əsaslar ilə.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı