“Ermənistanın Sünik vilayətindən (Zəngəzur-red.) keçəcək yolda monitorinq funksiyası Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.
Paşinyan hakim Mülkü Müqavilə Partiyasının üzvləri ilə görüşdə 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndini müzakirə edib:
“Sənəddə yazılıb ki, nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX həyata keçirəcək. Yaxın zamanda bu məsələni yerdə müzakirə etdik, mən soruşdum ki, bu maddənin mənası nədir? Dedilər ki, Rusiya prezidentinin 2020-ci il 10 dekabr fərmanında buna aydınlıq gətirilib. Mənə izah edilən məlumata görə, Rusiya bununla sadəcə Ermənistanın həmin yola nəzarəti necə həyata keçirdiyi və öz öhdəliklərini nə dərəcə yerinə yetirdiyini görmək üçün monitorinq həyata keçirəcək”.
Paşinyan bildirib ki, üçtərəfli bəyanatın bəndlərinin heç biri Ermənistanın suveren hüququnun hər hansı şəkildə məhdudlaşdırılmasını nəzərdə tutmur.
Qeyd edək ki, Nikol Paşinyanın yaxın zamanda müzakirə dedikdə, 7-8 oktyabr tarixlərində Moskvada keçiriləcən MDB Dövlət Başçıları Şurasının iclasını nəzərdə tutduğu güman edilir.
Əliyar Xəlil
Globalinfo.az