Ermənistanın iki yolu var, qorxuram – Paşinyan

“Hazırda nəyin hansı səbəbdən baş verdiyini anlamaq çox vacibdir, tarixi Ermənistan anlayışından real Ermənistana çox ağrılı keçid yaşanır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülkü müqavilə” partiyasının üzvləri ilə keçirilən iclasda deyib.

“Ermənistanın hakim gücü olaraq bu proseslə üzləşməliyik. Baş verənləri anlamalı və prosesi əvvəlcə öz aramızda müzakirə edib, sonra xalqa açıqlamalıyıq. İki yanaşma var. Birincisi odur ki, biz tarixi Ermənistandan real Ermənistana keçid prosesinə bütün mümkün yollarla müqavimət göstərəcəyik. Yəni biz deyirik ki, yox, istəmirik, bu, bizim üçün qəbuledilməzdir. İkinci yanaşma ondan ibarətdir ki, biz bunu tarixi zərurət kimi qəbul edəcəyik.

Hazırkı hökumət Ermənistanın gələcəyi ilə bağlı məsuliyyətini dərk edir, ölkənin və xalqın tarixi Ermənistandan real Ermənistana psixoloji keçidini təmin etməyə çalışır. Biz real Ermənistanın təhlükəsizliyini, rifahını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etmək istəyirik. Mənim anlayışım və yanaşmam ondan ibarətdir ki, biz bu yolla irəliləməliyik. Qorxuram ki, böyük Ermənistan real Ermənistanı da tarixi Ermənistana çevirsin”.

Ayşən Mustafa
Globalinfo.az