ozgur ozel 111

Globalinfo.az türkiyəli politoloq və sosioloq Prof. Dr. Oğuzhan Bilginlə müsahibəni təqdim edir:

– Oğuzhan bəy, Türkiyə gündəmində əsas mövzulardan biri ana müxalifəti təmsil edən Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində hakimiyyət mübarizəsi nəticəsində baş verən hadisədir. Məhkəmənin qərarı ilə CHP sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl partiyadan ayrıldığını və yeni bir partiya qurduqlarını açıqladı. Partiyanın adının da “Yeni Partiya” olacağı güman edilir. Bu proses bir tərəfdən, CHP-nin parçalanması və seçicilərinin də sayının bölünməsi anlamına gəlir. Digər tərəfdən, yeni partiya Türkiyənin ana müxalifət partiyasını əvəz edə və iqtidarda təmsil olunan Ədalət və İnkişaf Partiyasına (AKP) növbəti seçkilərdə rəqib ola bilər. Özgür Özəlin anonsunu verdiyi yeni partiyanın uğur qazanmaq şansı varmı?

– CHP lideri Özgür Özəl partiyadan ayrılmaq və yeni bir partiya qurmaq niyyətində olduğunu bildirib. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, yeni partiyanın mahiyyətini Özgür Özəldən daha çox Əkrəm İmamoğlu müəyyən edəcək. Çünki İmamoğlu yeni partiyanı yaratmaq ideyasının ilk təşəbbüskarı olub və bu məsələdə Özgür Özələ və komandasına həbsxanadan təlimatlar verməsi məlumdur. Daha əvvəl İmamoğlu ətrafında formalaşan beyin mərkəzlərinin hesabatları və ya ona yaxın olan jurnalistlər və ziyalıların fikirlərinə görə, yeni partiya CHP kimi olmayacaq. Onlar CHP-nin köhnə Kamalist keçmişinin, CHP kimliyinin və onun altı prinsipinin özləri üçün bir maneə və yük olduğunu düşünürlər.

Geniş ictimaiyyətin CHP-nin tarixi, keçmişi və kimliyi haqqında mənfi fikrə sahib olmasından dolayı, Əkrəm İmamoğlu yeni partiyanın CHP kimi olmamalı olduğunu düşünür. Yeni partiya daha çox mərkəzçi bir partiya kimi təsvir olunur və Türkiyədəki fərqli tendensiyaları qəbul etdiyi iddia olunan, qeyri-müəyyən ideoloji kimliyə malik, eyni zamanda Türkiyədəki müxtəlif tendensiyalardan uzaq olmayan bir partiya olacağı iddia edilir.

Bu yeni partiya əslində dünyada daha əvvəl Fransada Emmanuel Makron və ya ABŞ-da Co Baydenin təmsil etdiyi partiyalara bənzər təsəvvürlər üzərində qurulacaq. Məsələn, Fransada Makronun partiyası bütün meylləri ifrat sağçılığa qarşı birləşdirən, fərqli tendensiyaları bir araya gətirən və qeyri-müəyyən ideoloji kimliyə malik bir siyasi layihə kimi ortaya çıxmışdı.

Yeni partiyanın Rəcəb Tayyib Ərdoğana qarşı müxalifət yolu ilə fərqli meylləri birləşdirməyi hədəfləyən bir diskursa sahib olacağı və Kamalizmlə əlaqəli istinadların və simvolların ideoloji kontekstdə geniş istifadə olunmayacağı, yalnız simvolik olaraq qalacağı proqnozlaşdırılır.

– Özgür Özəl yeni partiyanı elan edərkən müxtəlif kəsimlərə çağırış etdi. Həmin müraciəti necə şərh edərdiniz? Sizcə, onun planı baş tutacaqmı?

– Özgür Özəl iki şey etməyi hədəfləyir: birincisi, o, CHP-dən ayrılma prosesində özünü “qurban” kimi göstərməyə çalışır. O, bunun Türkiyə siyasətinə təsir edəcəyini düşünür. Lakin belə bir təsirin nə dərəcədə hiss olunacağı olduqca mübahisəlidir, çünki CHP-dən ayrılmaların çoxsaylı korrupsiya iddiaları və onlardan irəli gələn məhkəmə qərarları ilə əlaqəli olduğu məlumdur.

İkincisi, o, müxtəlif meylləri birləşdirərək cəmiyyətin müxtəlif təbəqələrindən olan geniş seçici bazasına xitab etmək istəyir. Amma burada da ciddi maneələr var. Misal üçün, Özgür Özəl yeni partiyasına müraciətində dəvət etdiyi qruplara siyahı üzrə çağırış etdi. O, “mühafizəkar demokratlara, gəlin, deyirəm” dedi. Amma mühafizəkar demokratların artıq AK Partiyası var. Deməli, bu platformanın artıq sahibi var. AK Partiya artıq mövcud olduğu halda, köhnə CHP üzvləri tərəfindən yaradılan yeni partiyaya niyə qoşulacaqları barədə suala cavab vermək onlar üçün asan deyil.

O, milliyyətçi demokratları dəvət etdiyini dedi. Orada da MHP (Milliyyətçi Hərəkat Partiyası) var. Hətta yeni yaradılmış İYİ Partiyası var. Deməli, o seçici bazasının da bir sahibi var. Niyə öz partiyalarından ayrılıb CHP üzvləri tərəfindən yaradılan yeni bir partiyaya qoşulsunlar?

oguzhan bilgin

Oğuzhan Bilgin

O, sosial demokratları dəvət etdiyini deyir. Amma hal-hazırda orada CHP var. Bəli, CHP-dən bir qrup insanı cəlb edə bilərlər, amma bu qrupun gəlməsinin nə qədər vaxt aparacağı mübahisəlidir. Çünki yeni qurulan partiyanın CHP kimi olmayacağı deyilsə də, köhnə CHP üzvlərinin və ya hazırkı CHP seçicilərinin yeni partiyaya qoşulmasının nə qədər zaman alacağı mübahisəlidir.

O, həmçinin “kürd demokratları” ifadəsini işlətdi. Mən bu terminə qəti şəkildə etiraz edirəm. Türkiyəni bu cür etnik kateqoriyalara bölmək fikrinə tamamilə qarşıyam. Çünki Türkiyə Suriya və ya İraq deyil. Amma nəzərdə tutduğu qrupu da təxmin edirəm, DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) daxilindəki qrupu nəzərdə tutur. Yəni, o, PKK-nın partiyasını nəzərdə tutur. Əlbəttə ki, onların demokrat olması ayrı bir müzakirə mövzusudur, amma onların bir DEM Partiyası var. Niyə öz partiyalarından ayrılıb, yeni partiyaya gəlsinlər?

Başqa sözlə, CHP-yə bənzəməyən bir partiya qurmağa çalışıb eyni anda bir çox şey olmağa can atan bir partiya ortaya çıxır. Mən həmişə deyirəm, eyni anda hər şey olmağa çalışanlar, nəticədə heç nə olurlar. Siz bütün bu fərqli yerlərdən seçiciləri çağırsanız, əslində onların gəlməsi üçün bir səbəb yarada bilmirsiniz. Həmçinin, CHP-dən ayıraraq yanınıza çəkmək istədiyiniz bir qrup insanı buna necə inandıra biləcəksiniz? Bütün bunlar sual altındadır.

Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mənsur Yavaşın CHP ilə yeni partiya arasında seçim edəcəyi yöndə fikirlər səslənir. O, Özgür Özəlin partiyasına gələ bilərmi?

– Mənsur Yavaşın bu qədər qeyri-müəyyən ideoloji kimliyə malik bir partiyanın üzvü olması böyük bir sual işarəsidir. Çünki Mənsur Yavaş millətçi kimliyi, keçmişi ilə tanınır. Üstəlik, burada daha böyük bir sual işarəsi var. Mənsur Yavaş prezidentliyə namizəd olmaq istəyir. Amma hamımız bilirik ki, Əkrəm İmamoğlu və Özgür Özəl Mənsur Yavaşın prezidentliyə namizəd olmasını istəmirlər. Əkrəm İmamoğlu özü namizəd olmaq istəyir, amma onun qarşısında hüquqi maneələr var. Bu halda Özgür Özəl prezidentliyə namizəd olacaq. Özgür Özəl isə ona bu məsələdə rəqib olacaq Mənsur Yavaşı yanında görmək istəməzdi. Mənsur Yavaş, onu prezidentliyə namizəd kimi göstərmək istəməyən Özgür Özəlin iştirak etdiyi partiyaya getmək istəməzdi. Getsə belə, orada uzun müddət qalmaq istəməzdi. Buna görə də, düşünmürəm ki, Mənsur Yavaş orada uzun müddət qala bilər.

Nəticədə, CHP-nin hazırda səs payı 25% ilə 30% arasında dəyişir. Bu səsin böyük bir hissəsi hazırda yeni partiyaya gedə bilər. Yəni, seçicilərin təxminən 18-19-20%-i yeni partiyaya gedə bilər. 10%-i CHP-də qala bilər. Amma seçkilər yaxınlaşdıqca, yeni partiyanın kimliyi daha aydın olduqca və CHP də bir qədər özünə gəldikcə, hazırda gedən o bir qrup insanın neçəsi orada qalacaq? Bütün bunlar sual altındadır.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: