İlahiyyatçı Elşad Miri Şeyxülislam Allahşükür Paşazadənin özəl təyyarəsinin olduğu barədə məlumat yayıb. Məlumat Türkiyədə yayımlanan sənədli filmdə səslənən fikirlərə əsaslanır. Şeyxülislamın qardaşı, deputat Cavanşir Paşazadə isə bu iddianı qəbul etməyib və bildirib ki, söhbət dövlətin rəsmi səfərlər üçün ayırdığı təyyarədən gedir.
Azərbaycanda yüksək vəzifəli şəxslərin və dini rəhbərlərin xarici səfərləri üçün istifadə etdiyi təyyarələr kimə məxsusdur? Şəxsi təyyarə ilə dövlətin ayırdığı təyyarənin fərqi necə müəyyən olunur, bu məlumatlar niyə ictimaiyyətə açıq deyil?
Siyasi şərhçi Heydər Oğuz Globalinfo.az-a açıqlamasında bildirib ki, Azərbaycanda şeyxülislam həzrətlərinin və onun qardaşının dediyi ölçülərdə özəl təyyarə yoxdur, ola da bilməz:
“Söhbət 250 nəfərdən çox sərnişin daşıyan təyyarədən gedir. Bu böyüklükdə özəl təyyarə ancaq ABŞ-da Rokfeller ailəsinə və ya Roltşildlər sülaləsinə aid ola bilər. Azərbaycan kimi ölkələrdə hətta özəl təyyarə olsa belə, bu, 5-6 nəfərlik ekipaj daşımaq gücünə malik olar. Şeyxülislam Allahşükür Paşazadə isə böyük təyyarədən bəhs edir. Türkiyənin Dini İşlər idarəsinin rəhbəri professor Mehmet Görmezin iddiasına görə, şeyxülislam həzrətləri qardaş ölkənin rəsmisinə “mənim özəl təyyarəm var və 250 nəfər adam daşıya bilir” deyib. Şeyxin bu ifadəsi nə qədər böyük səhvdirsə, onun deputat qardaşının iddiaları da “üzrü qəbahətindən böyük” atalar sözünü yada salır. Məlumdur ki, Azərbaycan və beynəlxalq aviasiya qanunvericiliyinə görə, dövlətin xüsusi təyyarə ayırdığı bir neçə rəsmi vəzifəli şəxslər ola bilər. Bunlar ölkənin ali rəhbərliyidir, hansı ki, onlar fors-major hallarında Prezidenti əvəz etmək səlahiyyətlərinə malikdirlər. Konstitusiyamızın 105-ci maddəsində göstərilir ki, Prezident öz vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətləri Birinci Vitse-prezidentə, o icra edə bilmədikdə Baş nazirə, Baş nazir olmadıqda isə Milli Məclisin sədrinə ötürülür. Bir də bundan əlavə, ölkənin xarici işlər naziri bəzi dövləti vəzifələrini icra etmək üçün xüsusi təyyarə ilə müxtəlif yerlərə uça bilər. Göründüyü kimi, Cavanşir Paşazadənin bəhs etdiyi xüsusi səlahiyyətli şəxslər arasında şeyxülislam deyilən bir persona yoxdur”.
Heydər Oğuzun fikrincə, Cavanşir Paşazadə görünür, Azərbaycanla cənub qonşumuzu qarışdırıb:
“Yəqin elə bilir ki, bizdə də eynən İran kimi, prezidentdən daha səlahiyyətli dini ali lider vəzifəsi var və dini lider istədiyi an istənilən ölkəyə dövlət təyyarəsi ilə uça bilər. İstəsə, hətta Prezidentin xəbəri olmadan hər hansı dövlətə hərbi və ya xüsusi təyinatlı qüvvələr göndərmək ixtiyarına da malikdir. Çünki Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə faktiki olaraq türkiyəli həmkarına “əmr et, mən sizə 250 xüsusi təyinatlı hərbi qüvvə göndərim” deyir. Halbuki, Azərbaycan kimi sekulyar dövlətlərdə dini liderlərin yox, ancaq Prezidentin belə səlahiyyəti var”.
Heydər Oğuz
Həmsöhbətimiz istər şeyxülislamın, istərsə də onun deputat qardaşının buraxdığı bu siyasi səhvin yalnız bir amillə izah oluna biləcəyinə inanır:
“İstənilən insan öz dövlət qanunları və idarəetmə tərzi ilə tanış olmayıb, başqa dövlətlərlə həşir-nəşir olarsa, dünyagörüşü də o tərzdə inkişaf edər. Azərbaycan ətrafında və bütünlüklə islam dünyasında dini liderin prezidentdən daha üstün səlahiyyətli şəxs olduğu yeganə ölkə İrandır. Heç Səudiyyə Ərəbistanında da belə kral, yaxud ölkə başçısı dura-dura dini liderin harasa hərbi qüvvə göndərmək səlahiyyəti yoxdur. Paşazadə ailəsinin İranla ciddi əlaqələri isə heç kimə sirr deyil. Xatırlayırsınızsa, II Qarabağ savaşından sonra Allahşükür Paşazadə həzrətləri Azərbaycan əsgərlərinin Xameneyinin əmri və duası ilə torpaqlarımızı işğaldan azad etdiyini bildirərək, özünü rəzil vəziyyətə salıb, ölkəmizi utandırmışdı. Bütün bu açıqlamaların isə bir səbəbi var: şeyxülislam və onun ailəsi, o cümlədən qardaşı Azərbaycanın milli dəyərlərinə bağlı deyillər, beyin yapıları İran sosial dəyərləri üzərində qurulub. Bunun isə bir səbəbi ola bilər – Paşazadələr İran rəsmi dairələri ilə o qədər həşir-nəşir olublar ki, dünyaya da Tehran gözlüyündən baxırlar”.
Heydər Oğuzun fikrincə, bu qədər həngamələrdən sonra Allahşükür Paşazadə və onun qardaşı şələ-şüləsini yığıb öz evinə qapanaraq bir daha media qarşısına çıxmasa yaxşıdır: “Çünki hər çıxışlarında qaş düzəltmək əvəzinə göz çıxarırlar”.
Safura Bənnayeva
Globalinfo.az