2024-cü ildə bizi nə gözləyir? – Sülhməramlılar, Zəngəzur dəhlizi, Fransa ilə münasibətlər… MÜSAHİBƏ

Globalinfo.az politoloq Elşən Mustafayevlə ilin yekunlarına, gələn ilin perspektivlərinə dair müsahibəsini təqdim edir:

-Elşən bəy, bu gün əsas müzakirə mövzularından biri Azərbaycan və Ermənistan arasında sülh sazişinin nə vaxt imzalanacağıdır. Hər iki ölkə rəsmiləri bu istiqamətdə müsbət açıqlamalar verir, müxtəlif mənbələrdə təxmini tarix belə qeyd edilir. 2024-cü ildə sülh sazişinin imzalanması gözləniləndir?

-Sülh müqaviləsinin ilin birinci üç ayı ərzində imzalanma ehtimalı var. Lakin bu, iki dövlət arasında olan münasibətlərdən daha çox regionda marağı olan ölkələrin bunu istəyib-istəməməsindən asılıdır. Bu istiqamətdə Ermənistana təzyiqlər olur. Sülh müqaviləsinin imzalanmasından sonra iki ölkə arasında bir-birilərinə qarşı hüquqi cəhətdən ərazi iddiası olmayacaq. Bu da mövcud vəziyyətdən maraqlı olan ölkələr üçün maneə yaradır. Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən də sülh istiqamətində müsbət fikirlər səsləndirilir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da son çıxışlarında sərhədlərin delimitasiya və demarkasiyasının imzalardan sonrakı mərhələdə həyata keçirilməsinin mümkünlüyünə toxunublar. Bu əslində sülh müqaviləsinin imzalanmasına mane olan faktorlardan birinin aradan götürülməsi kimi dəyərləndirilir.

Ermənistan baş naziri Nikol Paşinyanın Sank-Peterburq səfərinin pərdəarxasındakı müzakirələri məlum olmasa da proses rəsmi İrəvanın iradəsindən asılıdır.

-İki ermənipərəst ölkədən – Fransa və İrandan Azərbaycana qarşı eyni yanaşmanın şahidi oluruq. Belə ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş verən terror aktından sonra səfirliyimizin bağlanması, nümayəndələrin ölkəyə qayıtması prosesi baş tutdu. Son iki gündə Fransa heç bir əsas olmadan güzgü effekti ilə Azərbaycanın iki diplomatik nümayəndəsini “arzuolunmaz şəxs” elan etdi. Siyasi-diplomatik münasibətlər pik həddə çatıb. Fransadakı səfirliyimizin bağlanması mümkündürmü?

Elşən Mustafayev

-Fransa və İranda baş verən bu hadisələri eyniləşdirmək olmaz. İranda son 50 illik diplomatik tarixdə gözlənilməz addım atıldı. Səfirliyimizə terror aktının baş verməsi həmin dövlətin məsuliyyətində idi. Yəni təhlükəsizliyin təmin edilməməsi səbəbindən hər nə qədər diplomatik əlaqələrimiz olsa da səfirlik fəaliyyətini dayandırıb.

Fransadakı səfirliyin bağlanması o demək olar ki, diplomatik münasibətlərin tamamilə sona çatır. Səfirliyimizin iki əməkdaşının “arzuolunmaz şəxs” adlandırılması rəsmi Parisin zəifliyini göstərir. Azərbaycanın bu addımı atmasının səbəbi var idi. Amma Fransa tutarlı əsası olmadan bunu etdi. İki ölkə arasında diplomatik münasibətlərin pozulması ilə bağlı perspektivə baxmaq tezdir. Azərbaycan və Fransa üçün bu arzuolunmazdır. Amma çıxılmaz vəziyyət yaranarsa, rəsmi Bakı bundan istifadə edəcək. Rəsmi Parisi bu cür addım atmasının qarşısını almaq lazımdır.

-İranla diplomatik münasibətlərə toxunmuşkən, məlum olduğu kimi Zəngəzur dəhlizinin açılıb-açılmayacağı da ictimaiyyətdə sual doğurur. Azərbaycan isə Ermənistanın məsələ ilə bağlı qərəzli yanaşmasının ardınca rəsmi Tehranla alternativ yolun açılması istiqamətində fəaliyyətə başladı. Sizcə, Zəngəzur dəhlizinin gələcəkdə açılması realdırmı?

– Zəngəzur dəhlizinin açılması marağımızdadır. Lakin hazırda loqistik xətt kimi Naxçıvan vasitəsilə Türkiyəyə və əks istiqamətdə Asiyaya qədər gedib çıxan yolun açılması əsas məsələdir. Azərbaycanın iqtisadi cəhətdən güclənməsi və birbaşa Naxçıvanla münasibətlərin mütəmadi olmasından söhbət gedir. Loqistik xəttin, Zəngəzur dəhlizinin açılmasında Qərb və Rusiya gücləri toqquşur. Azərbaycan tranzit yolun açılmasını və istifadə edilməsini istəyir. Sadəcə bu mövzuda da Ermənistana təzyiqlər var. Hətta Rusiya yola nəzarəti öz üzərinə götürmək istiqamətində də açıqlamalar verirdi. Rəsmi Bakı İran marşrutunu seçməklə Rusiya və Qərbə mesaj verir ki, hansı ərazidən keçməsindən fərqli olmayaraq bu yol açılacaq.

Gələcəkdə İran üzərindən açılacaq yolla yanaşı Zəngəzur dəhlizinin də fəaliyyətə başlaması mümkündür.

-Son olaraq bilmək istəyirdik ki, Qarabağda sülhməramlıların fəaliyyətini davam etdirməsi nə üçün vacibdir? Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycanın Qarabağ regionunda Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə humanitar minatəmizləmə məsələlərini müzakirə ediblər. Başqa ad altında slhməramlıların mandatı uzana bilər?

-10 Noyabr Bəyanatı qüvvədədir. Sülhməramlıların mandatı 5 il müddətində müəyyən edilib. Onların əsas vəzifəsi təhlükəsizliyi təmin etmək idi. Qarabağda yaşayan ermənilər könüllü şəkildə ərazilərimizi tərk edib. İndi sülhməramlılar kimin təhlükəsizliyini təmin edəcək? Azərbaycan vətəndaşlığını qəbul edərək yaşayan ermənilərin təhlükəsizliyini də özü təmin edir. Rusiya sülhməramlılarının başqa ad altında mövcudluğunu saxlaması yalnız bir halda mümkündür. Azərbaycanla yeni müqavilə bağlanmalıdır. Bunun əsasında minalanma və s. üzrə mütəxəssislər ərazilərə cəlb edilə bilər.

Safura Bənnayeva
Globalinfo.az