IMG 20260910 192734 809 750x450 1

Dünyada ən yüksək maaş alan vəzifəli şəxslə bağlı məlumat yayılıb. Bildirilir ki, Sinqapurun Baş naziri Lourens Vonqun illik əməkhaqqısı 2,8 milyon (təxminən 4,76 milyon manat) , aylıq gəliri isə təxminən 233 min dollardır (təxminən 396,1 min manat). Maraqlıdır ki, Sinqapurun iqtisadiyyatı vaxtaşırı nümunə kimi göstərilir.

Bəs MDB ölkələrində, Rusiya və Türkiyədə bu rəqəm necədir? Sinqapurun Baş naziri hansı performansı göstərir ki, bu qədər maaş alır?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Vonqun müzakirə olunan gəliri sadəcə aylıq əməkhaqqı deyil:

“Orda vəziyyət tamam fərqlidir. Bu məbləğ bonuslar və dəyişən ödənişlər daxil olmaqla illik ümumi remunerasiya paketidir. Oktyabrın 15-dən qüvvəyə minəcək yeni sistemə əsasən, paket 3,6 milyon Sinqapur dollarına, təxminən 2,85 milyon ABŞ dollarına çatacaq. Bu isə aylıq orta hesabla 237 min dollara bərabərdir. Sinqapur hökumətinin açıqlamasına görə, Baş nazirin maaşı MR4 səviyyəsində olan nazir üçün müəyyən edilən istinad maaşının ikiqatıdır. Digər ölkələrdə bu rəqəm xeyli aşağıdır”.

Akif N%C9%99sirli 900x506 1

Akif Nəsirli

İqtisadçı bildirib ki, MDB ölkələri ilə tam müqayisə aparmaq daha çətindir:

“Bir çox ölkədə prezident və hökumət başçılarının real illik gəliri vahid, şəffaf maaş paketi kimi açıqlanmır. Məsələn, Rusiyada prezidentin gəlirləri deklarasiya sistemi ilə təqdim olunur və məlumatların ictimaiyyətə açıqlanması qaydaları dəyişib. Bu səbəbdən Rusiya, Qazaxıstan, Belarus və digər MDB ölkələrinin rəhbərlərinin gəlirlərini Sinqapur modeli ilə eyni metodologiyada müqayisə etmək düzgün olmaz.

Türkiyədə də prezidentin gəliri Sinqapur modelindən xeyli aşağıdır. Burada prezident maaşı büdcə və qanunvericiliklə müəyyənləşir, parlament üzvü statusu ilə bağlı ödənişlər də ümumi gəlirə təsir göstərə bilər. Buna görə yalnız “prezident maaşı” kimi təqdim olunan rəqəmi Sinqapur Baş nazirinin bonuslar daxil illik paketi ilə birbaşa müqayisə etmək metodoloji baxımdan doğru deyil”.

Ekspert qeyd edib ki, Sinqapurda tətbiq olunan yüksək maaş modelinin əsas prinsipi performansdır:

“Belə ki, nazirlərin gəlirinin üçdə birindən çoxu dəyişən komponentlərdən ibarətdir. Buraya milli bonus, fərdi fəaliyyət bonusu və məsuliyyətlər daxildir. Beləliklə, yüksək maaş avtomatik və dəyişməz təminat deyil, nəticə və məsuliyyətlə əlaqələndirilir. Sinqapur modelinin məntiqi odur ki, yüksək səviyyəli dövlət vəzifələrinə özəl sektorda yüksək gəlir əldə edə biləcək şəxsləri cəlb etmək, onların gəlirlərini nəticə ilə əlaqələndirmək və əlavə, qeyri-rəsmi gəlirlərə ehtiyacı azaltmaq lazımdır. Hökumət də bu sistemin məqsədləri arasında korrupsiya riskinin azaldılmasını və yüksək səviyyəli kadrların dövlət idarəçiliyinə cəlb edilməsini göstərir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: