Nərimanov satqındır, yoxsa xalqın adamı? – Onun gerçək kimliyi haqda tarixi faktlar

Bir neçə gün əvvəl Naxçıvanda dövlət xadimi, yazıçı Nəriman Nərimanovun büstünün götürülməsi ölkə gündəmində zəlzələ effekti yaradıb. Azərbaycan tarixində iz buraxmış ictimai-siyasi xadimin şəxsiyyəti və mənsub olduğu xalqın taleyindəki rolu ilə bağlı istər mediada, istərsə də sosial şəbəkələrdə ciddi müzakirələr aparılır. 

Bir qisim Nərimanovu Azərbaycan üçün vacib rola malik, əhəmiyyətli işlər görmüş şəxs olaraq dəyərləndirsə də, digər qisim satqın adlandırır.

Bəs Nərimanov Azərbaycan üçün kim idi? Mövcud şəraitdə ölkəsinə bacardığı qədər xidmət etməyə çalışan dövlət xadimi, yoxsa xalqını satan xain?

Globalinfo.az-a danışan “Prime” TV internet kanalının rəhbəri Aygün Muradxanlı N.Nərimanovun heç də Azərbaycanın maraqlarına xidmət edən şəxs olmadığını bildirib:

“Nəriman Nərimanov bir bolşevik liderdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda müstəsna xidmətləri var. Özü də bunu heç zaman gizlətməyib. Düşünürəm ki, bu gün özünü Azərbaycan Respublikasının vətəndaşı adlandıran hər bir şəxs işğalçı rejimin liderlərindən olan Nəriman Nərimanova qarşı yalnız əks mövqedə dayana bilər. Hazırda cəmiyyətdə bu istiqamətdə gedən müzakirələrin səbəbini anlamaqda çətinlik çəkirəm. Çünki özünü bəzən cümhuriyyətçi, Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin davamçısı kimi təqdim edən şəxslər belə Nərimanova qarşı o qədər absurd mövqe tuturlar ki, insan bunu dərk etməkdə çətinlik çəkir. Təsəvvür edin, bu insanlar 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşımlar etmiş, anım tədbirlərinə qatılmışdılar. Axı bunlar hamısı Nərimanovun gözünün qarşısında baş verib. O isə bütün olanları türk millətinin soyqırımı kimi deyil, vətəndaş müharibəsi kimi təqdim edirdi”.

A.Muradxanlı onun Qafqaz İslam Ordusu ilə bağlı fikirlərinin də kəskin olduğunu qeyd edib:

“Hətta Nərimanov o dövrdə Qafqaz İslam Ordusunun Azərbaycana dəvət edilməsini az qala xəyanət kimi qiymətləndirirdi. Bu gün Nərimanovu müdafiə edən şəxslər necə olur ki, həm də Qafqaz İslam Ordusu ilə bağlı yüksək fikirlər səsləndirirlər? O Nərimanov ki, həqiqətən AXC liderlərinə, xüsusilə Fətəli xan Xoyskiyə yazdığı məktublarda türk ordusunun Azərbaycana dəvət edilməsi məsələsini az qala xəyanət adlandırırdı. Mən çox arzu edirəm ki, yaxın zamanda onun Bakıdakı heykəli də sökülsün”.

Tarixçi Tural Həmid Nərimanovun Azərbaycan tarixindəki rolunu Globalinfo.az-a dəyərləndirib.

O, 1921-ci ildə Azərbaycan Mərkəzi Komitəsinin katibi təyin olunan Sergey Kirovun Qarabağda ermənilər üçün yaradılmış vilayətin ləğv edilməsi ilə bağlı təklifini Nəriman Nərimanov və Əliheydər Qarayevin rədd etməsinə dair iddialara aydınlıq gətirib:

“Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılmasını təklif edən Qafqaz Bürosu olub. Bu büro isə Azərbaycan SSR-ə daxil deyildi, birbaşa Rusiya Sovet Federativ Sosialist Respublikasına (RSFSR) daxil idi. Onların təlqininə əsasən Ermənistan SSR və Azərbaycan SSR arasında mübahisəli məsələ kimi Dağlıq Qarabağ Muxtar Vilayəti qurulub. Həmçinin bu vilayət formalaşdığı zaman Əliheydər Qarayev Gülüstan məlikliyi olan əraziləri, yəni keçmiş Şaumyan, indiki Goranboy rayonu ərazilərini, Göygöl (Xanlar) rayonunun dağlıq hissəsini ora daxil etməyib. Hətta DQMV yaradılanda Nəriman Nərimanov “Növbədə Gəncənin dağlıq hissəsi gəlir” ifadəsini işlətmişdi. Bu da onu göstərir ki, Nərimanov orada heç bir şəkildə muxtariyyətin yaradılmasının tərəfdarı deyildi. Yəni bununla bağlı əsas qərar RSFSR-ə məxsus idi. Nərimanovun prosesdə əsas rolu isə DQMV-ni Azərbaycanın tərkib hissəsi kimi saxlaması oldu”.

Tarixçi Nərimanovun Zəngəzur və Naxçıvanı erməni ərazisi adlandırması ilə bağlı çıxışının detallarından da söz açıb:

“Nərimanov həqiqətən də 1920-ci il dekabrın 1-də bir mərasimdə “Bu gündən etibarən Zəngəzur və Naxçıvan sovet Ermənistanının bir parçasıdır. Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratlarını özləri təyin etmək haqqı verilmişdir. Azərbaycanın nefti və qazı iki ölkənin ortaq malıdır” ifadəsini işlətmişdi. Sadəcə, bu ifadənin səsləndirilməsinin əsas səbəbi bu idi: o zaman Ermənistanda Türkiyə-Azərbaycan-RSFSR ittifaqı yaradılmışdı ki, burada bolşevik hökuməti qurulsun. Burada daşnak hökumətinin bazasının zəiflətmək məqsədilə bu açıqlama verilib. İnqilabdan dərhal sonra isə Nərimanov səsləndirdiyi fikirlərdən imtina etdi, yəni bu, sadəcə, siyasi vasitə idi. Elə o imtina etdikdən sonra 1921-ci ildə Ermənistanda daşnak üsyanı başlamışdı. Yəni o, Zəngəzur, Naxçıvan, Qarabağ və Zaqatala məsələlərində prinsipial mövqedə olub”.

T.Həmid Zəngəzurun itirilməsində Nərimanovun ittiham edilməsinə toxunaraq, prosesin reallığının başqa olduğunu qeyd edib:

“Zəngəzurun itirilməsində Nəriman Nərimanovu ittiham etmək absurd məsələdir. O, Serqo Orconikidze və RSFSR-dən olan başqa nümayəndələr Zəngəzurun Azərbaycanın tərkibində saxlanılmasının tərəfdarı idilər. Sadəcə olaraq 1921-ci ildə Qaregin Njdenin Zəngəzurda bolşevik hakimiyyətini devirməsindən sonra orada Dağlı Ermənistan Respublikası adlı hökumət qurulmuşdu. O respublika hətta indiki Laçını, Hadrutun cənubunu əhatə edirdi. Qızıl Ordu oranı geri qaytardıqdan sonra bir daha üsyana imkan verməmək üçün ərazin azərbaycanlılar və ermənilər yaşayan ərazilər olaraq iki yerə bölmüşdü. Qafan, Gorus, Meğri ermənilərdə, Qubadlı, Laçın və Kəlbəcərin olduğu hissə isə Azərbaycanda qaldı. Bu məsələdə Azərbaycan, hətta Azərbaycan Demokratik Respublikasının (ADR) özü də ermənilərdə qalan ərazilərə heç zaman nəzarət etməyib. Zəngəzurda ermənilər və müsəlmanlardan ibarət iki milli komitə olub. Müsəlman Milli Komitəsi Qubadlının Dondarlı kəndində, ermənilərinki isə Gorusda yerləşirdi. Buna görə də Nərimanovu Zəngəzurun itirilməsində günahlandırmaq çox gülməlidir. Bununla bağlı heç bir sənəd də yoxdur”.

Tarixçi Nərimanovun Azərbaycan tarixindəki xidmətlərinə diqqət çəkib:

“Nərimanovun əsas xidmətlərindən biri də Qax-Zaqatala ərazisinin, Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması idi. Naxçıvan İrəvan Quberniyasına daxil olduğu üçün ermənilər bura iddia edirdilər, müttəfiqlər də demək olar ki, bu məsələdə onları dəstəkləyirdilər. O zaman ABŞ, Britaniya ya bitərəf mövqe sərgiləyir, ya da ərazinin Ermənistanın tərkibində qalmasını istəyirdilər. Amma daha sonra sovet hökumətinə arxalanan Naxçıvanda sovet hakimiyyəti quruldu. XI Qızıl Ordu gəldi və Naxçıvandan daşnakları çıxardı. Sonrakı müddətdə isə orada daşnaklara qarşı əməliyyat keçirildi. Türkiyə Böyük Millət Məclisi, Azərbaycan SSR və RSFSR-in qoşunlarının fəaliyyəti nəticəsində Naxçıvan azad olundu və müstəqil respublika elan edildi. 1924-cü ildə Naxçıvan muxtar respublika kimi Azərbaycanın tərkibinə daxil oldu.

Qax-Zaqatala da de-yure Gürcüstan ərazisi sayılırdı, Ağstafanın bir hissəsi də bura aid idi. 1921-ci ilin fevralında Gürcüstanda həyata keçirilən ümumi ekspedisiya nəticəsində bu ölkə sovetləşdirildi. Ağstafanın bir hissəsi, indiki Keşikçidağ məbədi olan hissə, Qarayazı çölü və Qax-Zaqatala Azərbaycanın tərkibində qaldı. Həmin ərazilər Tiflis Quberniyasının əraziləri olduğu üçün gürcülər bura iddia edirdilər”.

Ayşən Mustafa
Globalinfo.az