Müxalifətin bu təklifini rədd edəcəyik – Alen Simonyan

Hakimiyyət növbədənkənar parlament seçkisinin keçirilməsi məsələsini müzakirə etməyəcək.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələ ümumiyyətlə gündəlikdə deyil:

“Biz müxalifətin növbədənkənar seçki təklifini rədd edəcəyik. Mənə bir səbəb göstərin ki, ölkədə seçkinin keçirilməsini zəruri etsin. Müxalifətin siması ildən-ilə dəyişsə də, tələbləri dəyişmir. Biz nə etməliyik? Hər dəfə onlar 20 minə yaxın imza toplayanda hökumət istefa verməli və ölkədə növbədənkənar seçki keçirilməlidir?! Siz nə danışdığınızı bilirsinizmi? İki müxalif partiya birlikdə 300 min vətəndaşın səsini toplayıb. Bəs indi onlar haradadır?”, Simonyan bildirib.

Qeyd edək ki, bir qədər əvvəl “Vətən Uğrunda Tavuş” müxalif hərəkatının lideri Baqrat Qalstanyan İrəvanın mərkəzindəki mitinq zamanı parlamenti hazırkı hökumətin istefasının müzakirə olunacağı növbədənkənar iclas keçirməyə çağırıb.