Sülh olmasa, yay döyüşləri başlayacaq – Moskva görüşünün detalları

Politoloq, siyasi analitik Orxan Amaşov Globalinfo.az-a müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində keçirilən son görüşlər, danışıqların detalları, Xankəndidəki separatçılar və başqa mühüm məqamlara toxunub.

Sözügedən müsahibəni təqdim edirik:

– Bu gün – 19 mayda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir. Vaşintqon və Brüssel danışıqlarından sonra bu görüşdən gözləntilər nələrdir?

– Adətən nazirlərin Moskva formatında keçirilən görüşlərində sülh müqaviləsi ilə bağlı məsələlər deyil, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların yaradılması müzakirə edilir. Amma bu dəfə kontekst nisbətən fərqlidir, müəyyən dinamika var. Vaşinqtonda xarici işlər nazirlərinin dörd günlük müzakirəsi, daha sonra Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü baş tutdu. Biz Vaşintqon danışıqlarından sonra əldə olunan razılıqlarla bağlı müfəssəl təsəvvürə malik deyildik. Entoni Blinkenin açıqlaması ümid yaratsa da, konkret iddialara işarət edilmirdi. 14 May bəyanatında biz dəqiq məqamları gördük. Ona görə də hesab edirəm ki, bu görüş fərqli kontekstdə həyata keçirildiyindən sülh müqaviləsi ətrafında müzakirələr aparılacaq. Lakin çox güman ki, biz bu müzakirələrin nəticəsini 25 may tarixində, Moskvada liderlər arasında keçiriləcək növbəti görüşdən sonra öyrənə biləcəyik.

– Hazırkı danışıqlar prosesində əsas müzakirə predmeti nədir? Müxtəlif platformalarda keçirilən müzakirələrdə Zəngəzur dəhlizi məsələsinə münasibət necədir?

– Maraqlı məqamlardan biri də Zəngəzur koridorunun gündəmdə olmasıdır. Brüsseldə dəmiryolu məsələsi ilə bağlı irəliləyişin olduğunu gördük. Amma avtomobil yolunun fəaliyyəti məsələsinə toxunulmadı. Qərb platformasında kommunikasiya xətləri üzərində suverenlik prinsipi əsas götürülür. Bu da üçtərəfli bəyanatın 9-cu maddəsi ilə uzlaşmır. Rusiya isə bilir ki, onun eksklüzivliyi qorunmalıdır. Yəni sözügedən maddəyə uyğun olaraq yol boyunca Ermənistan tərəfindən nəzarət-buraxılış məntəqələri yerləşdirilsə də, orada əsas nəzarət Rusiyada olmalıdır. Azərbaycanın Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi quraşdırması Ermənistana işarədir ki, onlar da Zəngəzur yolunun hər iki girişində eyni addımı ata bilərlər. Beləliklə ekstrateritoriallıq qorxusundan qismən qurtulmağı bacaracaqlar. Dəhliz boyu nəzarət məntəqəsi gündəmdədir. Brüssel, Vaşinqton danışıqlarında məntiq ona hesablanıb ki, bu nəzarət son nəticədə hansısa formada Ermənistanda olmalıdır. Rusiya isə bunu istəmir. Bu baxımdan Moskva görüşlərindən sonra hansı nəticələrin ortaya çıxacağı maraqlıdır.

Orxan Amaşov

– Vaşinqton və Brüssel danışıqlarından çox qısa müddət sonra Moskvada görüşlərin təşkili prosesin gedişatına necə təsir göstərəcək? Rusiya əvvəlki danışıqlarda qismən razılaşdırılmış məqamlara hansı şəkildə yanaşacaq?

– Adətən, Moskva Brüssel və Vaşinqtonun vasitəçiliyinə isti yanaşmasa da, orada əldə olunmuş razılıqları böyük ölçüdə öz platformasında təsdiqləyir. Məsələn, 2022-ci ildə oktyabr ayında Praqa görüşündə qarşılıqlı şəkildə ərazi bütövlüklərinin tanınması qeyd olundu. Daha sonra Soçidə bu məqam öz təsdiqini tapdı. Ona görə güman edirəm ki, Moskvada keçirilən hər iki görüşdən sonra Brüsseldə əldə olunmuş razılıqlar təsdiqlənəcək. Amma Rusiyanın Zəngəzur koridoru üzərində nəzarətin hansı şəkildə həyata keçirilməsi məsələsinə etiraz edəcəyini düşünürəm. Rusiya hər şeyin üçtərəfli razılaşmaya uyğun olmasını istəyir. Amma Bakı və İrəvan öz aralarında müəyyən razılıq əldə etsələr, bu, Moskva tərəfindən də qəbul ediləcək.

– İndiki məqamda sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır? Danışıqlar müsbət nəticə verməyəcəyi təqdirdə iki ölkə arasında vəziyyət necə irəliləyəcək?

– Hazırda sülh prosesi üçün konstruktiv mühit var. İyun-iyul aylarında hansısa bir çərçivə sənədinin imzalana biləcəyi gözlənilir. Bu istiqamətdə keçirilən görüşlərin intensivliyi belə bir sənədin imzalanmasının mümkün olduğunu göstərir. Ən vacib məsələ isə Ermənistanın Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr olmasını tanımasıdır. Bu, çox ciddi məsələdir və Moskva görüşlərindən sonra hansısa formada öz təsdiqini tapacağını düşünürəm. Hazırda sülh üçün pəncərə açılıb. Bu müddətdə heç bir sənəd imzalanmasa, yenidən bölgədə eskalasiya mühiti yaranacaq, vəziyyət dəyişəcək. Sonra yenidən uyğun mühit ortaya çıxanda Ermənistan daha ağır şərtlərlə həmin sülh müqaviləsini imzalamağa məcbur olacaq. Ona görə də sülh sazişinin indi imzalanması İrəvanın maraqlarına daha uyğundur. Azərbaycan sözsüz ki, sülhdə maraqlıdır. Son aylarda şərti dövlət sərhədində ciddi təxribatlar yaşandı, Bakı buna irimiqyaslı cavab verdi.

– Davam edən danışıqlara paralel olaraq Qarabağdakı separatçıların təmizlənməsi üçün hərbi əməliyyatların keçirilməsi mümkündürmü?

– Separatçılar sülhməramlıların müşayiəti ilə Xocalıda təlimlər keçirirlər. Azərbaycan artıq bu istiqamətdə lazımi addımlar atmağa məcburdur. Çünki Şarl Mişelin bəyanatında da qeyd olunduğu kimi, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin qorunması onlarla Azərbaycan arasında dialoq formatında öz əksini tapmalıdır. Bu məqamın həyata keçirilməsi üçün orada olan separatçı qüvvələrin ərazidən çıxarılması vacibdir. Hesab edirəm ki, bu məsələdə ən optimal variant müəyyən növ əməliyyatların həyata keçirilməsidir. Rusiya sülhməramlılarının funksiyalarının qeyri-müəyyən olması, mandatlarının olmaması, separatçıların Qarabağdakı təlimlərinin üçtərəfli razılaşmanın 4-cü maddəsini pozması Azərbaycanın legitim addımları üçün əsas yaradır. Bu, sülh müqaviləsinin inmzalanması prosesini sürətləndirə bilər. Müqavilə Azərbaycan və Ermənistan arasındadır, Qarabağ məsələsi burada yer almır. Amma separatçıların ərazidən təmizlənməsi, orada yaşayan erməni vətəndaşların Azərbaycana inteqrasiyası proses üçün vacibdir.

Ayşən Mustafa
Globalinfo.az