Hindistanın Baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yekun bəyanat mətnini imzalaması müzakirələrə səbəb olub. Məlumata görə, bəyanatda ABŞ və İsrailin İrana hücumları qınanılır. Hindistanın İsraillə çox yaxın münasibətləri, ABŞ-la əlaqələri və Rusiyaya görə təzyiqlərin hədəfinə çevrilməsi fonunda Modinin bu addımı bəzi suallar doğurub.
Sözügedən bəyanatda həqiqətən ABŞ-İsrail hücumları qınanılıb? Ümumiyyətlə, Modinin bu ortaq bəyanata imza atması hər hansı xüsusi məna kəsb edirmi?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, həqiqətən də Hindistan Baş naziri Narendra Modinin ŞƏT-in yekun bəyannaməsini imzalaması ilk baxışdan müəyyən ziddiyyət yaradır:
“Çünki Hindistanın ABŞ-la strateji tərəfdaşlığı son illərdə əhəmiyyətli dərəcədə güclənib, İsraillə isə müdafiə və təhlükəsizlik sahəsində yaxın münasibətləri var. Buna baxmayaraq, Modi İranla bağlı ŞƏT-in kollektiv mövqeyinə qoşulub. Lakin burada mühüm bir detalı xüsusi vurğulamaq lazımdır. Məsələ burasındadır ki, Bişkek Bəyannaməsi İran ərazisinə hərbi zərbələri qınasa da, sənəddə birbaşa ABŞ və İsrailin adı çəkilmir. Bəyannamədə bu zərbələrin beynəlxalq hüququ və BMT Nizamnaməsinin prinsiplərini pozduğu bildirilir, İranın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur və problemin yalnız siyasi-diplomatik vasitələrlə həllinə çağırış edilir.
Bu formulasiya, əslində Hindistan üçün kifayət qədər rahat diplomatik çərçivə yaradır. Yeni Dehli İranın suverenliyinin müdafiəsinə və hərbi əməliyyatların pislənməsinə qoşulmaqla beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiqliyini nümayiş etdirir, lakin ABŞ və İsrailə qarşı ayrıca siyasi ittiham irəli sürmür. Başqa sözlə, Modi Vaşinqton və Təl-Əvivlə münasibətlərini təhlükə altına qoymadan ŞƏT daxilində konsensusdan kənarda qalmamağa çalışıb deyə bilərik”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, bu, Hindistanın ənənəvi strateji muxtariyyət siyasətinin məntiqinə tam uyğundur:
“Yeni Dehli özünü hansısa geosiyasi blokun üzvü kimi deyil, müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qura bilən müstəqil aktor kimi təqdim etməyə çalışır. Məlumdur ki, Hindistan ABŞ-la “Quad” (Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq) çərçivəsində əməkdaşlıq edir, İsraildən müdafiə texnologiyaları alır, paralel olaraq Rusiya ilə enerji və hərbi-texniki əlaqələri davam etdirir və eyni zamanda İranla münasibətlərini qoruyub saxlayır.
Üstəlik İran məsələsində Hindistanın konkret maraqları da var. İran Hindistan üçün yalnız Yaxın Şərqdəki siyasi tərəfdaş deyil. Ölkələr arasında nəqliyyat və bağlantı layihələri, xüsusilə Çabahar limanı vasitəsilə Mərkəzi Asiyaya çıxış imkanları Hindistan üçün strateji əhəmiyyət daşıyır. Buna görə İranın uzunmüddətli müharibə və təcrid şəraitində qalması Hindistanın həm iqtisadi, həm də geosiyasi maraqlarına uyğun deyil.
Odur ki, Modinin Bişkek Bəyannaməsinə imza atmasını Hindistanın ABŞ və İsraildən uzaqlaşması kimi qiymətləndirmək doğru olmazdı. Düşünürəm ki, əksinə, bu addım Hindistanın böyük güclər arasında manevr imkanlarını qorumaq və heç bir tərəfin xarici siyasət qərarlarını tamamilə diktə etməsinə imkan verməmək istəyini göstərir. Yəni başqa sözlə, Modi demək istəyir ki, Hindistan ABŞ-la tərəfdaşlığını davam etdirəcək, amma bu tərəfdaşlıq onun bütün beynəlxalq məsələlərdə Vaşinqtonun mövqeyini avtomatik dəstəkləməsi demək deyil”.
Turan Rzayev
Globalinfo.az