Bölgələrdə yaşayan gənclərin asudə vaxtını səmərəli keçirməsi məsələsi hələ də aktual olaraq qalır. Böyük şəhərlərlə müqayisədə rayonlarda gənclərin mədəni, sosial və idman fəaliyyətlərinə çıxış imkanlarının daha məhdud olduğu müşahidə edilir. Bir sıra bölgələrdə gənclərin vaxt keçirə biləcəyi məkanların, müxtəlif dərnək və fəaliyyətlərin azlığı onların asudə vaxt seçimlərini də məhdudlaşdırır.
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu gün qarşıda duran əsas hədəf və məqsədlərdən biri həm paytaxtda, həm də bölgələrdə gənclərin asudə vaxtının səmərəli təşkilidir:
“Çünki əksər hallarda gənclər vaxtlarını səmərəli təşkil edə bilmədikdə müxtəlif zərərli fəaliyyətlərə yönələ bilirlər. Ona görə də xüsusilə bölgələrdə gənclərin asudə vaxtının səmərəli təşkili və onların inkişafına yönəlmiş imkanların yaradılması çox önəmlidir. Bu baxımdan kitabxanaların, əvvəlki dövrlərdə fəaliyyət göstərən kino klublarının, müxtəlif intellektual oyunların, idman yarışlarının və digər sosial fəaliyyətlərin böyük əhəmiyyəti var. Belə fəaliyyətlər həm gənclərin inkişafına töhfə verir, həm də onları zərərli təsirlərdən qoruyur”.
Ceyhun Məmmədov
Deputat hesab edir ki, bu istiqamətdə kompleks və sistemli bir proqram haqqında düşünməyin zamanıdır:
“Həmin proqramda gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosial və şəxsi inkişafına töhfə verəcək imkanlar da öz əksini tapmalıdır. Çünki bu günün gəncləri gələcəyin idarəçiləridir. Biz onların inkişafına töhfə verməli, vaxtlarının səmərəli təşkilinə şərait yaratmalı və gənclərin inkişafı istiqamətində ardıcıl, sistemli və davamlı addımlar atmalıyıq”.
Zaira Akifqızı
Globalinfo.az