
Ukrayna məsələsi ilə bağlı olduqca qəliz situasiya yaranmağa başlayıb. Belə ki, ABŞ-ın Ukraynaya dəstəyi azaltması, Ağ Evdə məlum gərgin keçən görüş, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinə üz tutması, ardınca ABŞ Prezidenti Donald Trampdan üzrxahlıq etməsi haqda xəbərin yayılması və s. fonunda indi də atəşkəsin imzalanmasına razılıq olduğu deyilir.
Burada diqqətçəkən məqam Türkiyə amilidir. Zelenski bəyan edib ki, Rusiya ilə danışıqlarda nəinki Avropa İttifaqı, eyni zamanda Türkiyə də iştirak etməlidir. Məlum olduğu kimi prezident Rəcəb Tayyib Ərdoğan hələ Ukrayna müharibəsinin əvvəllərində danışıqlar üçün vasitəçilik edə biləcəyini qeyd etmişdi. Lakin bu fikrə müsbət yanaşılmadı, nəticə əldə edilmədi.
Hazırkı məqamda Türkiyənin rolunun irəli çəkilməsinin səbəbi nədir? Bu Ukraynaya nə vəd edəcək?
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Ukrayna-Rusiya münaqişəsində Türkiyənin rolunun yenidən irəli çəkilməsi bir neçə faktorla əlaqədardır və həm Ukrayna, həm də Rusiya üçün müəyyən imkanlar və çətinliklər yaradır:
“Türkiyənin rolunun artmasının əsas səbəblərindən biri neytral və tərəfsiz təmsilçi imicinin olmasıdır Türkiyə, NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə iqtisadi-energetik əlaqələrini (xüsusilə nüvə və təbii qaz layihələri) qoruyub saxlayaraq “balanslaşdırılmış” xarici siyasət aparır.

Elman Telmanoğlu
Bu, onu hər iki tərəf üçün qəbul edilə bilən vasitəçi edir. Ukrayna, Aİ və ABŞ-ın dəstəyinin azalma riski fonunda Ankaranı daha etibarlı mediator kimi görə bilər. Burada əsas amillərdən biri də Ərdoğan-Putin münasibətləridir. Ərdoğanın Putinlə şəxsi dialoqu və Rusiyaya qarşı tənqidlə müqayisədə yumşaq tərzdə çıxış etməsi, Moskvanın Türkiyəni “qəbul edilə bilən” tərəf kimi qiymətləndirməsinə səbəb olur. Rusiya üçün Türkiyənin iştirakı, Qərb təsirindən uzaq bir platforma deməkdir. Türkiyənin rolu, münaqişənin “donmuş” mərhələyə keçməsi və tərəflərin qismən kompromis axtarması ilə əlaqədardır.
Lakin əsas problemlər (Krım, Donbas, NATO üzvlüyü) həll olunmadan qalır. Atəşkəs mümkün olsa belə, uzunmüddətli sülh üçün hələ çox addımlar lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az