“Mərkəzi Asiyada Rusiyanın yerini Türkiyə və Türk dünyası tutacaq” – Politoloqdan PROQNOZ

 

Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqi ilə bağlı razılığa gəlib.

Rusiya Qərb sanksiyalarının təsirini azaltmaq üçün Çinlə iqtisadi əməkdaşlığı genişləndirir. Avrasiyanın bu iki supergücü siyasətdə olduğu kimi iqtisadiyyatda da çoxqütblü dünyanın formalaşdırılmasına çalışırlar.

Belə bir fikir var ki, Çindən iqtisadi asılılıq Rusiya üçün daha böyük təhlükə yaradacaq. Və Çin Rusiyaya yatırımlarını artırmaqla, Sibirdə yeni zavod və fabriklər yaratmaqla Moskvanı istər-istəməz siyasi istəklərinə tabe etdirəcək.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Globalinfo.az-a bildirib ki, Rusiya və Çin çalışır ki, ABŞ-ın formalaşdırdığı təkqütblü sistemi dağıtsınlar, amma buna nail olacaqları sual altındadır:

“Çünki Rusiyanın kifayət qədər problemləri var. Rus ordusunun mif olduğu ortaya çıxıb. Eləcə də iqtisadi vəziyyəti qənaətbəxş deyil, bütün dünya tərəfindən təklənib, Avropa Parlamenti tərəfindən terrorçu dövlət kimi tanınıb, bütün aktivləri dondurulub və Ukraynanın bərpasına yönəldiləcək.

Bütün bunlar Çin üçün xəbərdarlıqdır. Çinə açıq mesaj verilir ki, Tayvanda oxşar addımı atmağa çalışsa və ya Qərblə kəllə-kəlləyə gəlməyə çalışsa, Çinin başına nələr gələ bilər. Əslində, Çin indiyə qədər bu xəbərdarlıqları kifayət qədər ciddiyə alıb. Çin Rusiyaya hərbi yardımlar göstərdiyini qətiyyətlə inkar edir. Düzdür, iqtisadi yardımlar davam edir, amma hərbi yardım göstərməyə tamamilə çəkinir, çünki bilir ki, elə olduğu halda, Çinin özünü ciddi problemlər gözləyir”.

Politoloqun sözlərinə görə, bunu Çində başa düşən qüvvələr var:

“Bununla bağlı Çində hakimiyyət daxilində parçalanma var. Çinin prezidenti Si Szinpin Rusiya ilə sıx müttəfiqliyin, Qərbə qarşı durmağın, Ukrayna müharibəsində Rusiyanı müdafiə etməyin tərəfindədir, Tayvana qarşı genişlənmə planları var. Baş nazir Çinin Baş naziri Li Keçyan isə açıq-aşkar daha Qərbpərəst siyasət yürüdür. O hesab edir ki, Ukrayna müharibəsində Rusiyanı dəstəkləmək Çini məhvə aparır və onun iqtisadiyyatını məhv edir. Onun fikrincə, Çin böyük bir iqtisadi gəmidir və onu doğru üzdürmək lazımdır, kiçik bir xəta onu batıra bilər. Li Keçyan açıq şəkildə bildirir ki, Çin Rusiyanın iqtisadi və hərbi cəhətdən düşdüyü durumdan örnək almalıdır və mümkün qədər Rusiyadan uzaq durmalıdır. Çin ABŞ ilə birlikdə dünyada sadəcə iqtisadi rəqabətdə olmalı, iqtisadi əməkdaşlıq etməlidir”.

T.Rzayev hazırda Çinin daxilində də Si Szinpinin 13-cü dönəm, Putin kimi daimi hakimiyyəti əleyhinə nümayişlər keçirildiyini xatırladıb. O, belə bir halda Çinin Rusiyaya hər hansı hərbi yardım göstərə biləcəyini düşünmür:

“Çinin təsir imkanlarının gözlənilən qədər artacağını düşünmürəm. Əgər Rusiyada ciddi bir zəifləmə olarsa, o zaman Çinə təsiri həddən artıq arta bilər. Rusiya parçalanmasa və indiki şəkildə qalarsa, Rusiya və Çin sadəcə qarşılıqlı şəkildə asılı olacaq. Siyasi və hərbi cəhətdən Çin Rusiyadan asılı olacaq, iqtisadi cəhətdən isə Rusiya Çindən asılı olacaq. Ola bilsin ki, Rusiyanın zəifləməsi Çinə burada təsirini artırmağa imkan versin”.

Buna baxmayaraq, ekspert hesab edir ki, Çinin ümumi olaraq dünyada iqtisadi təsirinin artacağına imkan verilməyəcək:

“Bu ancaq Rusiya tamamilə parçalanarsa ki, bu ehtimal hələ ki, görünmür, o zaman Çin Rusiyanın bir sıra ərazilərinə ekspansiya edə bilər.

Eyni zamanda Çin Mərkəzi Asiyaya ekspansiya etmək istəyir ki, bunun qarşılığında da kifayət şəkildə güclü şəkildə Türkiyə, Britaniya, Avropa İttifaqı, ABŞ, Hindistan öz təsirini artırır. Əgər Çinin hər hansı bir şəkildə ekspansiyasının güclənməsi nəticəsində Hindistan-Çin rəqabəti açıq müstəviyə keçə və müharibə başlaya bilər.

Həmçinin Türkiyənin Mərkəzi Asiyada artan təsiri, elə ən son Azərbaycan, Türkmənistan, Türkiyə və Qazaxıstan arasında qaz müqaviləsi onu göstərir ki, Mərkəzi Asiyada Rusiyanın boşalan yerini məhz Türkiyə və Türk dünyası tutacaq”.

Gülnar Səlimova
Globalinfo.az