Məktəblərə telefon gətirmək qadağan edilib? – AÇIQLAMA

Bu gün onlayn mediada Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq məlumatın təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini bildiririk.

Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib.Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir.