vvv

Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

Globalinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi videomaterialları təqdim edib. Nümayiş olunan videomaterialdan biri 1993-cü ilin mart və aprel aylarında lentə alınıb.

Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar, Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir.

Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”

Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana “birləşəcək”, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, – deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.

Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana “birləşəcək””.

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.

Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların nəşləri göstərilir.

Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.
































Paylaş: