“Xankəndi-Şuşa yolunda ekoaktivistlərin dinc aksiyası vətəndaşların konstitusion hüquqlarının təmin olunmasına yönəlib və “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun, o cümlədən beynəlxalq konvensiyaların tələblərinə tam cavab verir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, aksiya iştirakçıları separatçı rejimin Azərbaycan Respublikasına məxsus sərvətləri talamasına diqqət çəkmək və buna son qoymaq niyyəti ilə etiraz edirlər:
“Aksiyaçılar separatçıları qeyri-humanitar yüklərin, silah-sursatın daşınması imkanından məhrum ediblər. Humanitar məqsədlər üçün isə bizim tərəfdən heç bir maneə yoxdur və olmayıb.
Proseslərin gedişatı, süni, dramatik fonun yaradılması, gələn reaksiyalar, yaranan təşviş onu göstərir ki, hədəfimizə nail olmaqdayıq”.
Deputat qeyd edib ki, sərvətlərimizin talanmasının arxasında Ermənistan və havadarları dayanır:
“Amma nəzərə almalıyıq ki, məsələlər Azərbaycanın daxilində cərəyan edir və İrəvanın hansısa formada prosesə münasibət bildirməsi, tərəf kimi çıxış etmək cəhdi yolverilməzdir.
Ermənistanın Xankəndi və ətraf ərazilərimizlə, o cümlədən orada yaşayan erməni əsilli vətəndaşlarımızla bağlı hər hansı hüquqi-siyasi bağlılığı yoxdur, ola da bilməz. Ermənistan da, havadarları da anlamalıdırlar ki, bu ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınan toxunulmaz, ayrılmaz parçasıdır və biz BMT Nizamnaməsinə görə sülh və təhlükəsizlik naminə təhdidləri aradan qaldırmaq hüququnu özümüzdə saxlayırıq. Rəsmi Bakı istənilən vaxt antiterror əməliyyatı ilə ərazilərini terrorçulardan, cinayətkarlardan təmizləyərək məsələyə nöqtə qoya bilər”.
Zaira Akifqızı
Globalinfo.az