“Kütlə” sözü təhqirdirmi? – Sosioloq izah edir

Xalq artisti Rasim Balayevin BBC kanalına müsahibəsi zamanı “kütlə” sözündən istifadə etməsi birmənalı qarşılanmayıb. Bəziləri bu sözün təhqir məzmunlu olduğunu bildirirlər.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, “kütlə” elmi termindir:

“Hətta “əhali kütləsi” deyə bir anlayış var. Əhalinin bir hissəsi düşünmədən kiminsə bəhsinə hərəkət edəndə buna “kütlə psixologiyası” deyirik. Yəni biri digərinə baxır və özü düşünmədən, rahat yol olaraq onun etdiyini təkrarlayır. Sosial psixologiya elmində geniş izah olunub ki, əhalinin 80 faizi yamsılamağa meyillidir, 20 faizinin isə düşünmək tələbatı olur. Bəzi cəmiyyətdə bu, 20 faizdən də aşağı olur.

Təəssüf ki, cəmiyyətimizdə bir çoxu kütlə psixologiyası ilə başqalarının etdiyini edir. Biri deyirsə, filankəs pisdir, ya yaxşıdır, onlar da təkrar edirlər”.

Ə.Qəşəmoğlu bildirib ki, müəyyən qüvvələr bəzən kütlə psixologiyasından istifadə edərək onları siyasi, iqtisadi məsələlərdə müəyyən istiqamətlərə yönəldirlər:

“Amma həmin kütlədən yaxşı mənada da istifadə etmək olar. Təəssüf ki, son vaxtlar bizdə neqativ, biri-birinə qarşı aşırı tənqidi münasibət psixologiyası da formalaşıb. Bunun səbəbi odur ki, cəmiyyətdə insanların qarşılıqlı münasibəti formalaşanda məlum dəyərlər daha çox rol oynayır. Əgər onların qarşılıqlı əlaqəsində mənəvi dəyərlər çox rol oynayırsa, həmin şəxslər bir-birilərini neqativlə yükləmir, əksinə ahəngdar münasibətdə olurlar”.

Əhməd Qəşəmoğlu

Sosioloq qeyd edib ki, nəinki Rasim Balayevi, hətta bəzən Nəsimini, digər şairlərimizi, ziyalılarımızı da tənqid və təhqir edirlər:

“Rasim Balayevi tənqid etmək lazım deyildi, çünki Prezident adamı mükafatlandırıb, o da mükafatını almağa gedib. Aktyora hücum etmək yanlış yanaşmadır. Elə bunun özü də kütlə psixologiyasının nəticəsidir. Belə neqativ halların olması xeyrimizə deyil”.

Zaira Akifqızı
Globalinfo.az