TƏCİLİ: Ukrayna ordusu Rusiyanın 11 kəndi ələ keçirdi – VİDEO / YENİLƏNİB

Ukrayna ordusu Rusiya Federasiyasının Kursk vilayətində 11 kəndi ələ keçirib.

Teleqram kanallarının məlumatına görə, hücum edən cəmi 400 əsgərdir, sərhəddə isə 2000-ə qədər ukraynalı əsgər dayanıb.

Ən azı 6 rus əsgərin əsir götürüldüyü bildirilir. Ukraynalı zabitə istinadla isə Ukrayna Teleqram kanalları 300 rus əsgərin əsir götürüldüyünü iddia edir.

***

Kursk bölgəsində vəziyyət pisləşməkdə davam edir: son bir saat ərzində Ukrayna birləşmələrinin Suca üzərində ən azı qismən nəzarəti, eləcə də düşmənin (Ukrayna ordusunun – red.) zirehli qrupunun Korenevo sərhədlərinə doğru irəliləməsi barədə bir neçə təsdiqlənmiş məlumat var.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya MN-ə bağlı “Rıbar” Teleqram kanalı məlumat yayıb.

Kanal mənbəyə istinadla bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sucanın qərb ətrafına daxil olub. Aran ərazidə yerləşən qəsəbənin mərkəzi “boz zona”dadır. Rus qoşunları şəhərin yüksək şərq hissəsinə nəzarəti saxlayır:

“Eyni zamanda, Ukrayna birləşmələri Sucanın cənubuna doğru irəliləyib: bu ərazidə Ukrayna Silahlı Qüvvələrinin Qornal, Quevo və Kurilovka yaşayış məntəqələrində işğalı təsdiqlənir. Rusiya PUA operatorları ərazinin kəşfiyyatını aparır və müəyyən edilmiş düşmən mövqelərinin atəşə tutulması üçün hədəf təyinatları verir, quru qoşunlarının bölmələri, sərhədçilər və Rusiya qvardiyaları əks-hücuma keçir.

Ukrayna birləşmələri də şimal-qərb hissəsində nəzarət zonasını genişləndirib. Leonidovo və Lyubimovka kəndi işğal olunub”.

Kanalın məlumatına görə, rus qoşunları yaxınlıqdakı Zeleni Şlyax kəndi istiqamətində əks-hücuma cəhd etsə də, kəndi azad edə bilməyib:

“Ukraynanın bir neçə texnikadan ibarət zirehli qruplarından biri Rılsk-Suca şossesi boyunca kəşfiyyat apararaq, Rılskdan təxminən 30 km cənub-şərqdə yerləşən Korenevo kəndinin kənarına çıxmağı bacarıb.

Hazırda Rusiya qoşunları Ukrayna birləşmələrinə zərbələr endirir və magistral yolda döyüşür, düşmənin Korenevski rayonunun inzibati mərkəzini işğal etməsinə mane olmağa çalışır.

Ukraynanın Kursk bölgəsinə hücumunun ikinci günündə vəziyyət çətin olaraq qalır: düşmənin zərbəyə uzun hazırlığı, təəssüf ki, öz bəhrəsini verdi. Müdafiə istehkamlarını təchiz etmək üçün Rusiya ərazisinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş hissələrinə düşmənin mühəndis texnikası göndərilir”.

Qeyd edək ki, Ukrayna ordusunun Kurska ötən gün hücum etdiyi və Nikolayevo-Daryino, Darino və Sverdlikovo kəndlərini ələ keçirdiyi bildirilmişdi. Ukrayna mediası hücum edənlərin Rusiyanın Azadlığı Legionu olduğunu bildirir.

***

Rusiyanın Kursk vilayətində vəziyyət son dərəcə gərgindir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın bır sıra teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu ötən gecə ərzində davam edən şiddətli döyüşlər nəticəsində Kursk vilayətinin Sudja rayonu ərazisindəki Nikolaevo-Daryino və Sverdlikovo kəndlərinə nəzarəti ələ keçirib. Oleşynya yaşayış məntəqəsində isə vəziyyət gərgin olaraq qalır.

Ukrayna ordusunun hücumu zamanı Rusiya tərəfindən azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb. Tibbi personalın məlumatına görə, yaralıların əksəriyyəti dinc sakinlərdir.

O da bildirilir ki, Ukrayna hərbçiləri hücumun arealını daha da genişləndirməklə bağlı tapşırıq alıb. Bunda əsas məqsədin müdafiə xəttini yararaq, daha çox əraziyə nəzarəti təmin etməkdir.

Ukrayna tərəfi həmçinin, Qoqolevskaya və Qonçarovka qəsəbələrinə nəzarəti təmin edib. Kanallar onu da yazır ki, hazırda Rusiya ərazisində Ukrayna ordusunun 2000 nəfərədək şəxsi heyəti var.

Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi rayon mərkəzinə yaxın ərazilərdə möhkəmlənmək, eləcə də “Kurçatov” AES-i ələ keçirməkdən ibarətdir. Döyüşlər nəticəsində Ukrayna ordusuna məxsus 16 ədəd zirehli maşın və iki ədəd “Buk” zenit-raket kompleksi zərərsizləşdirilib.

Bölgədə vəziyyətin mürəkkəbliyini ərazidə olan hərbi jurnalistlər də təsdiqləyib. Bildirilib ki, gecə ərzində Ukrayna tərəfinin 12 ədəd zirehli texnikası sıradan çıxarılıb. Onların sözlərinə görə, baş verənlər qarşı tərəfin hücumları daha da genişləndirəcəyini, eləcə də Rusiyanın ərazisinin bir hissəsini işğal etmək istədiyini göstərir.

***09:57

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın Rusiya Federasiyasının Kursk vilayətinə hücumu nəticəsində bir feldşer və təcili yardım avtomobilinin sürücüsü həlak olub, bir həkim isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, hücum nəticəsində ümumilikdə xəsarət alanların sayı 28-dir.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Kursk vilayəti üzərində 4 təyyarə tipli PUA-nı məhv edib.