1033087 src

ABŞ Konqresindəki demokratlar Ukraynaya təhlükəsizlik sahəsində təxminən 15 milyard dollar həcmində yeni yardım paketinin hazırlanmasını müzakirə edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Demokratlar Partiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin əməkdaşlarından birinin sözlərinə görə, qanunvericilər Ukraynaya dəstəyi artırmaq və Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirmək üçün büdcə və nəzarət səlahiyyətlərindən istifadə etməyi planlaşdırırlar.

Kiyevə yardımın tərəfdarları yeni Konqres fəaliyyətə başlamazdan əvvəl Ukraynaya əlavə dəstək göstərilməsinə nail olmağa çalışırlar. Əsas prioritetlərdən biri Ukraynanın enerji sektoruna yardımdır.

Demokratlar həmçinin Rusiyaya qarşı sanksiya qanunvericiliyinə yenidən baxılmasını və onun sərtləşdirilməsini, o cümlədən daha ağır sanksiyaların tətbiqini nəzərdən keçirirlər.

Bundan başqa, Ukraynanın istifadə etdiyi “Starlink” peyk şəbəkəsinin fəaliyyətinə nəzarətin gücləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır.

Demokratlar Tramp administrasiyasının xarici siyasəti və prezident ailəsinin biznes maraqları ilə bağlı araşdırmalar aparılması imkanlarını da nəzərdən keçirirlər.

Yeni təşəbbüslərin qəbul edilməsi respublikaçıların dəstəyindən asılı olacaq. Prezidentin mümkün vetosunu aradan qaldırmaq üçün isə demokratların Konqresin hər iki palatasında səslərin üçdəikisini toplaması tələb olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: