Kremldə Vardanyan böhranı: Xankəndidə ümidlər puç olur – ŞƏRH

“Ruben Vardanyan kifayət qədər mübahisəli şəxsdir. Buna görə də Kremlin, Rusiya siyasi elitasının ona yanaşması birmənalı deyil”. 

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq İlqar Vəlizadə erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiyanın nəzərində etibarını itirməsi haqda səsləndirilən iddiaları şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya siyasi elitası daxilində Vardanyanı önəmli fiqur olaraq görənlər də, onu əhəmiyyətsiz hesab edənlər də var:

“Aydın məsələdir ki, Ruben Vardanyanın Rusiyanı tərk edib Qarabağa gəlməsiꓹ burada aktiv siyasi proseslərə qoşulması təsadüfi deyil. Vardanyan Kremlin layihəsidir və o, buna görə hərəkət edir. Lakin Vardanyana etibar etməyən, onun Rusiyanın Cənubi Qafqaz maraqları üçün təhlükə yaradacağını düşünən siyasətçilər də var.

Rusiyanın Azərbaycana marağı, diqqəti hər gün bir az da artır. Bəzən gərginlik müşahidə edilsə də, iki ölkənin münasibətləri yaxşıdır. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin ölkəmizə səfəri də bunu təsdiqləyir. Hadisələr onu göstərir kiꓹ Rusiyanın Azərbaycana marağı artdıqca Vardanyana ümidlər puç ola bilər”.

Ekspert Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirib, R.Vardanyanı Bakıya gətirməsi versiyası haqda da danışıb:

“İndiki məqamda Vardanyanın Bakıya gətirilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, onu ciddi təhdid kimi görmək doğru deyil. Düzdürꓹ bu gün rəsmi Bakının Qarabağda antiterror əməliyyatı keçirməsi vacibdir. Lakin Bakıya gətirilməli olan əsas şəxslər Vitali Balasanyan və Arayik Arutyunyandır. O ki qaldı Vardanyana, o, Kremlin Ermənistan üçün planlaşdırdığı layihədir.

Mövcud Ermənistan müxalifəti Kremlin arzuladığı nəticələri verə bilmir. Bu, Rusiyanı Ermənistanda alternativ və effektiv müxalifət lideri  yaratmağa sövq edir. Hesab edirəm, Kreml Vardanyanı Nikol Paşinyana alternativ kimi hazırlayır”.

Turan Rzayev

Globalinfo.az