araik f 1

Bakıda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törətmiş erməni separatçıları barəsində çıxarılan məhkəmə hökmü Moskvanın açıq narazılığı ilə qarşılanıb.

Kremlin mövqeyi bu dəfə birbaşa Rusiya Dövlət Dumasının deputatı, Moskvanın Qarabağ mövzusunda uzun illərdir istifadə etdiyi simalardan biri olan Konstantin Zatulin vasitəsilə ifadə olunub. Zatulinə bağlı “Lazarevski klubu”nun yaydığı bəyanat Bakıda keçirilən məhkəmə prosesinə qarşı Kremlin siyasi sifarişli reaksiyası kimi dəyərləndirilir.

Sözügedən bəyanatda Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı onilliklər boyu törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan separatçıların cəzalandırılması məhkəmə yox, guya “cəza aksiyası” kimi təqdim edilir.

Erməni əsilli separatçılarla bağlı çıxarılan hökm Moskvanın niyə açıq narazılığı ilə qarşılanıb? Bu mövqe Ruben Vardanyanın mümkün müdafiəsi üçün aparılan “baş məşqlər” sayıla bilərmi? Rusiyanın bu etiraz və narazılıqları nə ilə nəticələnəcək?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Konstantin Zatulin uzun illərdir separatçıları açıq şəkildə müdafiə edib və onların tərəfində yer alıb:

“Konstantin Zatulin 30 il ərzində ölkəmizə qarşı aparılan siyasəti dəstəkləyib. Bununla da kifayətlənməyərək, Bakıda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törətmiş erməni separatçıları ilə dəfələrlə görüşüb, onlardan maliyyə dəstəyi alıb.

Bu gün həmin şəxslər barəsində məhkəmənin yekun hökmü çıxarıldıqdan sonra Zatulin yenidən onları müdafiə etməyə çalışır. Lakin nəzərə almaq lazımdır ki, K.Zatulin və onun kimilərin mövqeyi Azərbaycan üçün heç bir əhəmiyyət daşımır.

Azərbaycan dövlətinin apardığı siyasət bundan sonra da davam edəcək. Məhkəmə hökmü ilə məsuliyyətə cəlb edilən cinayətkarlar layiqli cəzalarını çəkəcəklər”.

murad sadeddinov 1
Murad Sadəddinov

Politoloq bildirib ki, digərlərindən fərqli olaraq Ruben Vardanyanla bağlı hay-küylər bundan sonra da davam edəcək:

“Çünki onun ətrafında olan şəxslərin əlində ciddi maliyyə resursları mövcuddur. Mümkündür ki, müxtəlif təşkilatlar və lobbi mexanizmləri vasitəsilə təzyiq göstərməyə cəhd edilsin.

Ancaq mən nə Vardanyanın, nə də digər cinayətkarların taleyində hər hansı dəyişiklik olacağını düşünmürəm. Bu şəxslərin cəzalandırılması, əslində Ermənistan üçün də müsbətdir. Onlar iki ölkə arasında münasibətlərin normallaşmasına və danışıqlar prosesinə mane olmağa çalışıblar. Məhz buna görə də həmin şəxslərin azadlığa buraxılmasında İrəvanın özü də maraqlı deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: