Kreml nüvə silahlarını göndərir, Vaşinqton hərəkətlənir – Yeni böhran

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyəti region ölkələrini ciddi şəkildə narahat edir. Belə ölkələrdən biri də Polşadır.

Polşanın Baş naziri Mateuş Moravetski jurnalistlərə açıqlamasında bunları deyib:

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olmasıyla əlaqədar biz bütün NATO-nu Nüvə Paylaşımı proqramında iştirak etməyə çağırırıq.İlk növbədə, bu, amerikalı və NATO tərəfdaşlarımızın qərarı olmalıdır. Biz tez hərəkətə keçmək istəyirik”.

Moravetskinin narahatlığı

Polşa Baş naziri Mateuş Moravetski sözləri ilə Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinin NATO ya və qərbə təhdid yaratdığı təəssüratı yaradır. Prinsip etibarilə bu belədir.

Belə ki, Belarus lideri Aleksandr Lukaşenko da bir müddətdir elan edir ki, Rusiya gələcəkdə nüvə silahlarının bir qismini öz ölkəsində yerləşdirəcək. Varşavanı narahat edən məqam isə Rusiyanın Belarusa yerləşdirəcəyi nüvə silahlarının xarakteristikası və növü barədə məlumatların olmamasıdır.

Məlumatlarda bunun taktiki nüvə silahı olduğu qeyd edilsə də, Rusiyanın yeni istehsal etdiyi nüvə silahlarını Belarusa yerləşdirməsi istiqamətində də informasiyalar var. Bu isə öz növbəsində Moravetskini narahat edən əsas məqamdır.

Yeni Karib böhranı

Nüvə silahları çəkindirici və danışıqlarda üstünlük təmin edən faktordur, amma Moskva yaxşı başa düşür ki, NATO qüvvələrində də onun nüvə gücünü üstələyən arsenal mövcuddur. Buna görə də Kreml bir müddətdir yeni nüvə silahlarının istehsalına başlayıb.

Kremlin yeni nüvə silahlarının istehsalına başlaması Vaşinqtonu da hərəkətə keçirib. Hazırda ABŞ-ın Avropa ərazisində 150-dən çox nüvə silahını gizlətməsi barədə Qərb mətbuatında məlumatlar var.

Aydın məsələdir ki, yayılan məlumatlar nə ABŞ, nə də Rusiyanın tam nüvə potensialını əks etdirir. Ümumiyyətlə, hər iki tərəf nüvə potensiallarının bütününü nümayiş etdirməkdə xəsis davranır.

ABŞ-ın Avropadakı nüvə silahları soyuq müharibə dövründən qalıb. Vaşinqton bu yolla Moskvadan gələcək təhdidlərə qarşı qitənin təhlükəsizliyini təmin etməklə hədələyirdi.

Rusiya indi nüvə arsenalının bir hissəsini Belarusa yerləşdirmək məqsədləri güdməklə Avropaya qarşı yeni “atom cəbhəsi” açmağı hədəfləyir. Bu isə öz növbəsində həm də yeni Karib böhranı ehtimallarını artırır.

Turan Rzayev
Globalinfo.az siyasət yazarı