Son zamanlar Rusiya-Ermənistan münasibətlərində nisbi sabitlik hiss olunur. Ermənistan tərəfi antirusiya ritorikasını bir müddətdir dayandırıb. İrəvandakı etiraz aksiyaları zamanı bu istiqamətdə şüarlar səslənirdi.
Hazırda iki ölkə arasında hansı proseslər gedir? Rus ordusu Gümrüdən çıxır? Ermənistan KTMT ilə yolları ayırır? Aİİ ilə əməkdaşlığı dayandırır? İrəvanla Moskva arasında gərginlik azalıb, yoxsa bu, müvəqqətidir?
Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik atmosferinin azalması müşahidə edilir:
“Ermənistan iqtidarının sistematik şəkildə Rusiya əleyhinə verdiyi açıqlamalarda səngimələr var. Misal üçün, Rusiyanı ən sərt şəkildə tənqid edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Ermənistan parlamentinin sədri Alen Simonyan bir müddətdir ki, səssizliyini qoruyur. Ermənistan mediasında da Rusiyanı tənqid edən yazılara az rast gəlinir.
Prinsip etibarilə İrəvanın bu mövqeyi təəccüblü deyil. Yəni Paşinyan başa düşür ki, indiki məqamda Rusiyanı qarşısına almaq, radikal qərarlar vermək ona divident gətirməyəcək. Bundan başqa, Qərb özü də Paşinyanın belə radikal davranmasından narahatdır.
Hesab edirəm, hazırkı sabitlik nisbidir. Yəni bir müddət sonra Ermənistan yenidən Rusiyanı tənqid edəcək. Ritorika əvvəlki kimi sərt olacaq. Ümumiyyətlə rus ordusunun Gümrüdən çıxması real deyil. Paşinyanın bunu etməyə hələ gücü yoxdur. KTMT, Aİİ məsələsi də indiki məqamda real deyil. Çünki Ermənistan bu təşkilatlardan ayrılmaq üçün ilk növbədə alternativ tapmalıdır. Bu mənada münasibətlərin bir müddət sonra yenidən gərginləşəcəyini düşünürəm”.
Globalinfo.az xatırladır ki, Nikol Paşinyanın mayın əvvəlində Moskvada Vladimir Putinlə görüşündən sonra iki ölkə arasında gərginlik nisbətən azalıb. Bəzi ekspertlər iddia edirlər ki, liderlər arasında hansısa razılaşma olub. O razılaşma İrəvan-Moskva münasibətlərindəki aqressiyanı səngidib.
Turan Rzayev
Globalinfo.az