“İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasından sonra müəyyən konspiroloji nəzəriyyələrə rast gəldik. Bu həm Azərbaycanda, həm də Türkiyədə özünü göstərdi. İlk növbədə onu qeyd etmək olar ki, dünya siyasətində informasiya müharibəsi daha kəskin xarakter alır. Müxtəlif ölkələrin mediası bu hadisəni öz maraqlarına uyğun şəkildə göstərməyə çalışdı. Təbii ki, bu məqamda Azərbaycan da informasiya müharibəsində daima irəlidə olmalıdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra bu ölkədə baş verəcək proseslər və regiona təsiri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rəisinin ölüm xəbərindən sonra rejim onu “iranlıların darıxacağı məşhur sima” kimi qələmə verməyə çalışır:
“O, xarizmasına və ya orijinal düşüncəsinə görə hakimiyyətdə deyildi. Ali rəhbərə sadiq bir şəxs idi. Lakin qəfil ölümü rejimin yüksək səviyyəli liderləri üçün dilemmalar yaradacaq. Onlar indi zəruri olan yeni seçkilər üçün nə edəcəklərini düşünürlər. Seçki fəallığını artırmaq hazırda ciddi problemdir.
Bu helikopter qəzası rejimi təhdid etmir, lakin xarici təhlükələr zamanı böyük daxili qeyri-müəyyənlik gətirir. Onu da qeyd edim ki, İranda böyük nüfuzu olan SEPAH çox məsələlərdə nəzarəti əlinə alıb.
İran ali dini lideri 34 il ərzində ölkə daxilində bir-birini əvəz etməyi siyasi sistem qurub. Bu özünü orduda və siyasətdə açıq-aşkar göstərir. Hazırda Xamenei prezident postuna özünün yürütdüyü siyasi xətlə gedən bir nəfəri gətirə bilər. Onu da qeyd edim ki, Xameneinin əsas dövlət postlarına şəxsləri təyin etməkdə böyük təcrübəsi var.
İrandakı siyasi sistem 2000 ildən çoxdur davam edir. Bu, özündə zərdüştlük, başqa dini-sosial dəyərləri əks etdirən fars milliyyətçiliyini üstün tutan sistemdir”.
Turan Rzayev
Globalinfo.az