prezident

Azərbaycan Prezidenti İlham Əliyev “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı deyib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır.

“Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir” Prezident deyib.

İlham Əliyev qeyri-regional ölkələr deyərkən kimləri nəzərdə tutur? İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti necədir? “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı Tehran-Bakı əlaqələrinə nə kimi təsir edəcək?

Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, regionda sülhün formalaşması ölkələrin, xalqların sülhdən faydalanmasına imkan yaradacaq:

“Azərbaycan hazırda regionda nizamı, sülhü formalaşdıran əsas ölkədir. Rəsmi Bakı əldə etdiyi zəfərdən sonra Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı öz təkliflərini təqdim etdi. Praktik olaraq danışıqlar zamanı həmin təkliflər müzakirə edilir və gündən-günə inkişaf etdirilir.

Son zamanlar region dövlətlərinin məsələlərinə regiondankənar ölkələrin müdaxilə etməsi, fikir bildirməsinin şahidi oluruq. Xüsusilə Fransa bu məsələdə aktivliyi ilə seçilir. Heç bir halda bu mövqe qəbul edilmir. Qeyri-region ölkələr regional məsələlərə töhfə verə bilməz. Qafqaz artıq sülhə yaxındır. Etiraf etmək lazımdır ki, son 30 ildə bu qədər yaxın olmayıb.

O ki qaldı İran-Azərbaycan münasibətlərinə, iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri yüksəkdir. İki ölkə arasında rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması vacibdir.

Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. Bundan başqa, Bakının İran turizm sahəsində ciddi tərəfdaş olması mümkündür.

İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sanksiyalara məruz qalan cənub qonşumuz indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: