Paşinyanın Qarabağ çıxışının şifrələri açıldı: böyük prosesə hazırlıq gedir – SENSASİON DETALLAR

Ermənistan baş naziri Nikol Paşinyan ötən gün təxminən dörd saata yaxın davam edən mətbuat konfransı keçirdi. Doğrudur, ilkin baxışda mətbuat konfransının təşkilində anormal bir şey yoxdur. Dövlət başçısı sadəcə olaraq ictimaiyyətlə açıq olmaqdan ötrü jurnalistləri toplayaraq onların suallarını cavablandırır. Lakin Paşinyanla bağlı məsələ bir qədər fərqlidir. Belə ki, erməni baş nazir son 9 ayda artıq 3-cü böyük mətbuat konfransını təşkil edir. Üstəlik, bunlardan sonuncusu təxminən 2 ay öncə daha dəqiq desək, yanvarın 11-də baş tutub. Məhz bu mətbuat konfransından sonra Paşinyan administrasiyası Azərbaycan və Türkiyə ilə bağlı pozitiv mənada təbliğatını artırıb.

Bütün bunlar Ermənistan liderinin keçirdiyi mətbuat konfransının yalnız demokratiyanın tələblərindən irəli gəlmədiyini deməyə əsas verir. Əvvəlki təcrübələrə nəzər yetirsək, Paşinyanın jurnalistlərlə hər görüşündən mütləq hansısa hadisənin görmüş olarıq. Ona görə də son mətbuat konfransı Paşinyanın kritik qərar mərhələsində olması ilə bağlı ehtimalları artırır.

Diqqət çəkən məqam odur ki, Paşinyan dünən bir-iki məqamı çıxmaq şərti ilə yeni heç bir şey söyləmədi. Bununla belə Ermənistan baş nazirinin çıxışını dəqiq incələsək, onun Bakının ittihamından daha çox Rusiyanın öhdəliklərini icra etməməsi və Ermənistanın bunun həyata keçirilməsində çarəsiz qalması üzərində qurduğunu görmək mümkündür. Dolayısı yolla, Paşinyan iclasını Bakıdan çox məhz Moskvanı vurmaq üzərində qurur ki, bu da indiki dönəmdə başa düşüləndir.

İrəvan qərar verməli olacaq

Əsas məsələ Paşinyanın mətbuat konfransında hansı sözlərdən istifadə etməsi yox, bu sözlərdən hansı kontekstlərdə yararlanmasıdır. Məhz bu məqam Paşinyanın dünən Bakıya qarşı səsləndirdiyi ittihamları başa düşməyə kömək edir. Yəni Paşinyan indiki dönəmdə ortaya konkret mövqe qoymaqdan daha çox ictimaiyyətlə manipulyasiya oyunu oynayır. Belə ki, bir tərəfdən əhaliyə özünü Ermənistanın maraqlarının gerçək müdafiəçisi olduğu görüntüsünü sırımağa çalışır, digər tərəfdən isə hazırda hər tərəfdən sıxışdırıldığı və çarəsiz vəziyyət qalması görüntüsü yaradır. Bu isə indiki dönəmdə erməni baş nazir üçün sərfəli məqamdır. Çünki məhz bu amili gələcəkdə o, Azərbaycanla münasibətlərdə yekun qərarın qəbulu üçün istifadə etmək niyyətindədir. Bir sözlə, Paşinyan indidən çətin vəziyyət olması görüntüsü yaradaraq, özünün qərar qəbulu üçün zəmin formalaşdırır. Buna əsas sübut isə Paşinyanın dünənki mətbuat konfransından dərhal sonra birbaşa tabeliyində olan media orqanlarında İrəvanın tezliklə qəti qərar qəbul etmək məcburiyyətində qalacağı tezisinin təbliğatının başlanması ola bilər.

Mediaya sızdırılan sənəddə yazılanlar…

Digər tərəfdən önəmli məqam Paşinyanın Azərbaycana qarşı Qarabağla bağlı şərtlər irəli sürərək, hətta Bakıya qarşı beynəlxalq təbliğata başlamağa səsləməsidir. Düzdür, bu bir tərəfdən qorxu yarada bilər, amma İrəvanın indiki gücünə diqqət etsək, onun daha çox Ermənistanın daxili üçün nəzərdə tutulan blef olduğunu görmüş olarıq. İrəvanın əsas şərti Bakı ilə Xankəndi arasında münasibətlər üçün beynəlxalq nəzarət mexanizminin yaradılmasıdır. Paşinyan bütün təbliğatını məhz bu məqam üzərində qurub. Əslində, məsələ nəyin yaradılmasından çox onun necə təqdim ediləcəyidir. Münxendəki görüşdən sonra mətbuata sızdırılan sənəddə bu məsələ ilə bağlı İrəvanla Bakı arasında müəyyən konsensusun olduğunu görmək olar. Buna əsasən, Xankəndi gələcəkdə birbaşa Bakının yurisdiksiyasına keçəcək, buradakı ermənilərlə danışıqlarda isə üçüncü tərəf olmayacaq və ya olsa belə o, konsultant rolunu oynayacaq. Bu da o deməkdir ki, Paşinyan faktiki olaraq beynəlxalq nəzarət mexanizmi ilə bağlı Bakının irəli sürdüyü variantı qəbul edib, amma bunu ictimaiyyətə  açıqlamayaraq, onu rıçaq kimi istifadə etməyə çalışır. Sadəcə olaraq Ermənistan baş naziri İrəvanın Qarabağ uğrunda mübarizəsini haqlar uğrunda tranformasiya edib ki, gələcəkdə belə razılığın olmasını göstərməklə özünü qəhrəman və erməniləri qoruyan şəxs kimi təqdim edə biləcək. Yəni Paşinyan ermənilərin gözündə özünü xilaskar etməyə hazırlaşır.

Hər bir halda Paşinyanın açıqlamasından anlamaq mümkündür ki, İrəvan ilin sonuna qədər sülh sazişini imzalamağa hazırlaşır. Bu isə öz növbəsində Münxendə bağlı qapılar ardında keçirilən görüşdə tərəflər arasında mühüm razılığın əldə edildiyi ehtimalını artırır. Ən azından görüşdən sonra Lavrovun bölgəyə təcili səfəri, bu səfərdən sonra Ermənistanda Rusiyanın təsir agentlərinin sülh sazişinə qarşı aktiv təbliğatı, eləcə də Qərbdən olan diplomatların bölgəyə səfərlərinin intensivliyini artırması bunu sübut edir. Üstəlik, ötən həftə bölgəyə gələn ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bononun iki dəfə Bakını ziyarət etməsi də artıq tərəflər arasında həlledici anın yaxınlaşdığını deməyə əsas verir. Görünür, Paşinyan dünənki mətbuat konfransını təşkil etməklə Azərbaycanla Ermənistan liderləri arasında keçirilməsi planlaşdırılan Brüssel görüşünə də hazırlığa başlamış olur. Bu isə İrəvanın Brüsseldə sülh sazişi ilə qəti addımlara gedəcəyini təxmin etməyə imkan yaradır.

Moskvaya qarşı “Laçın” oyunu

Bununla belə Paşinyanın ötən günkü açıqlaması həm də Moskva ilə bağlı qəti addımlara hazırlıq mərhələsi sayıla bilər. İrəvana görə, Moskva Ukrayna konfliktinə görə dayaqlarını itirməyə başlayır ki, bundan da o, maksimum istifadə etməyə çalışır. Yəni Paşinyan indiki dönəmdə Rusiyanı sıxışdırmaqla təkcə hakimiyyətini qorumağa çalışmır, eləcə də Moskva qarşısında daha böyük benefitlər əldə etmək istəyir. Lakin bu yanaşma öz növbəsində İrəvanın Rusiyadan tam üz çevirəcəyi mənasına gəlməməlidir. Belə ki, son bir ildə Rusiyadan İrəvana tranformasiyaların həcmi 2 dəfə artıb. Bu isə Ermənistan iqtisadiyyatı üçün çox böyük rəqəmdir. Üstəlik, Qərbin sanksiyaları sayəsində Rusiyaya paralel ixracat da yüksəlib ki, bütün bunlar Paşinyana əhali arasında dəstəyini saxlamağa kömək edir. Ona görə də Moskvanı hədəfə çevirən erməni baş nazir bir tərəfdən onun dayaqlarını zəiflədir, digər tərəfdən isə onun ölkə üzərində nəzarətini özünün təsir dairəsinə alaraq, idarəolunan səviyyəyə çatdırmağa çalışır. Bu da öz növbəsində Ermənistanın Rusiyanın nəzarətindən çıxmağa hazırlaşdığını deməyə əsas verir.

Paşinyanın son kontaktlarına nəzər yetirilərsə, bununla bağlı kifayət qədər dəlil tapmaq mümkündür. Xüsusilə Münxendə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşən Ermənistan baş nazirinə AB-nin yatırımları vədi verilib. Belə vədin nəyin qarşılığında verildiyi isə anlaşılandır. Digər tərəfdən, Paşinyanın belə vəd alması, onun Bakı ilə razılığa gəlməsinin yaxın olduğunu deməyə əsas verir. Ən azından AB üçün indiki dönəmdə bölgədə iki əsas prioritet var ki, bunlar da Rusiyanın təsirinin Qafqazda zəiflədilməsi və Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır.

Üstəlik, Paşinyanın açıqlamasında ən diqqət çəkən məqam Qarabağdakı separatçıların qarantının məhz Rusiyanı elan etməsidir. Bu isə İrəvanın faktiki olaraq Qarabağ prosesindən tam çıxmağa hazırlaşdığını deməyə əsas verir. Moskvaya qarant deməklə Paşinyan onu bu prosesdə tərəfə çevirir ki, bununla da Xankəndidə ermənilərin bütün məsuliyyətini onun üzərinə atmağa çalışır. Nəticədə Paşinyan Xankəndi ilə bağlı növbəti dönəmlərdə edilən bütün güzəştlərin məsuliyyətindən tam xilas olur. Bu da erməni liderə ictimaiyyətdən çəkinmədən müqavilə imzalamaq imkanı verir. Digər tərəfdən Paşinyan belə həmlə ilə Moskvanı Bakı ilə üz-üzə qoymağa cəhd edir. Bakının Ermənistanın belə niyyətinə səssizliyi onun təkcə prosesdən xəbərdar olması, İrəvanın addımının onun da maraqlarına xidmət etməsidir. Belə ki, Ermənistanın qarant rolundan imtinası de-fakto onun 9 noyabr bəyanatından çıxması anlamına gəlir. Bu isə öz növbəsində bəyanatın qüvvədən düşməsi, nəticədə Azərbaycanın Rusiyadan sülhməramlılarını bölgədən çıxarması tələbi üçün şərait yaradır. Yəni İrəvan öz həmlələri ilə həm də Bakının qurduğu oyunu oynayır.

Bu faktı gücləndirən əsas məqam isə İrəvanın Xankəndidə separatçılar arasında gərginliyi artırmasıdır. Xüsusilə Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayanın bölgəyə göndərilməsi, eləcə də onun Bakı ilə danışıqların vacibliyi haqqında verdiyi bəyanat İrəvanın Xankəndidə xaosun yaradılmasında maraqlı olduğunu göstərir. Bununla da Ermənistan təkcə separatçı rejimin çöküş prosesini sürətləndirmir, həm də baş verənlərə görə məsuliyyətin Rusiya sülhməramlıların üzərində qalmasına şərait yaradır. Dünənki açıqlamasında Paşinyanın sülhməramlıların Qarabağda proseslərə nəzarət edə bilməməsi ilə bağlı dedikləri də əslində İrəvanın niyyətini ortaya qoyur.

Ən maraqlı məsələ isə bu fonda Paşinyanın qondarma rejimə Bakıdan görüş üçün verilən son təklifdən imtinası üçün təzyiqlər etməsidir. İrəvan yaxşı başa düşür ki, Xankəndidə Bakıya rədd cavabının verilməsi, eləcə də bu danışıqları məhz Rusiyanın vasitəçiliyi ilə aparılmasında israr etməsi, Azərbaycanın qəti addımlar atmasıyla nəticələnəcək. Üstəlik, Azərbaycan Laçında sərhəd keçid məntəqəsi açmaq istəyir ki, buna da Paşinyanın birbaşa razılıq verməsi, onu təkcə Rusiyanın yox, eləcə də əhalinin hədəfinə çevirə bilər. Ona görə də Xankəndi ilə Bakı arasında münasibətlərin gərginləşdirilməsi prosesinə şərait yaradan İrəvan dolayısı yolla Azərbaycanı bilərəkdən Laçında sərhəd keçid məntəqəsini güc yolu ilə yerləşdirməsinə şərait yaradır. Bununla Paşinyan həm Münxendə İlham Əliyevin ona bu məntəqə ilə bağlı verdiyi vədi icra etmiş olacaq, həm də hər şeyi Moskvanın üzərinə atmaq üçün mühüm şərait yaradacaq. Bu isə növbəti mərhələdə təkcə Rusiyanın Qarabağdan göndərilməsinə şərait yaratmayacaq, həm də İrəvana “artıq çarəsiz vəziyyətdə qalmışıq, sülhü imzalayırıq” tezisini təbliğ etməyə imkan verəcək. Məhz bu ehtimal Paşinyanın dünənki mətbuat konfransının niyə Rusiyaya mesajlar üzərində qurduğunu anlamağa kömək edir.

Generalların çöküşü – 300 illik epoxa bitir

Əsas məsələ Paşinyanın Qarabağda və Bakı ilə danışıqlarda edəcəyindən daha çox buna hazırlıq prosesini necə aparacağıdır. Hər bir halda erməni liderin etdikləri Moskvada qəbul edilmir və Kreml buna görə Paşinyana bədəl ödətmək niyyətindədir. Ən azından son bir ayda İrəvan xüsusilə ordu ilə əlaqədar simaların diskreditasiyasını başladıb ki, bunlara da nümunə kimi Seyran Ohanyan və Tiqran Xaçaturyanla bağlı aparılan cinayət işlərini göstərmək olar. Bu şəxslər isə öz növbəsində Kremlin Ermənistandakı əsas dayaqlarından sayılırlar.

İndiki dönəmdə belə şəxslərin həbsi isə İrəvanın Moskvadan gələcək həmlədən ehtiyat etdiyini göstərir. Belə ki, Moskvanın orduda dayaqlarının xüsusilə güclü olduğunu bilən Paşinyan artıq onun təmizlənməsi prosesinə start verib. Doğrudur, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra ilk olaraq “Yerkrap” veteran hərbiçilərdən ibarət paramilitar qrupu təsir dairəsinə salıb, Moskvanın təzyiq rıçaqını əlindən almağı bacarsa da sonradan Paşinyan ordu ilə bağlı uzun müddət səssizliyini qoruyub. Xüsusilə ötən günkü açıqlamada orduda “Beşinci kolon”un olduğunu söyləməsi İrəvanın artıq bununla bağlı yekun prosesi başlatdığını göstərir. Məhz bu amil tezliklə İrəvanda daha çox generalın həbsi və ya ləkələnməsi kampaniyasının başladılacağı mənasına gəlir. Ən azından Paşinyanın dünənki açıqlamasından dərhal sonra Ermənistan-Rusiya birgə hərbi qruplaşmasının komandanı Tiqran Parvanyanın istefaya göndərilməsi də bunu deməyə əsas verir. Parvanyanın birbaşa Moskvanın nəzarətində olması, onu növbəti hədəf edə bilər ki, bu da Paşinyana Rusiyanın ölkədəki imicinə böyük zərbə vurmasına imkan formalaşdıracaq.

Qarabağın “Beşinci kolon”un hesabına itirilməsi ilə bağlı bəyanat isə Paşinyana tezliklə generallar üzərindən başlayan təbliğatın Qarabağın əldən getməsinə Moskvanın şərait yaratması tezisini formalaşdırmasına, əvəzində isə ictimaiyyəti Rusiyaya qarşı çevirməyə şərait yaradacaq. Belə təbliğat isə öz növbəsində təkcə ordunu yox, eləcə də siyasi mühitdə çoxlarının sıradan çıxmasına şərait yaradacaq ki, bunun da mesajını Paşinyan dünən verib. Bütün bunlar erməni baş nazirə Rusiyanın ölkədə çevriliş etmək imkanlarını məhdudlaşdırmaqla bərabər onun İrəvandan çıxarılması üçün geniş şərait yaradır. Ən azından Paşinyanın həmləsi fonunda NATO-nun keçmiş baş katibi Andreas Foq Rasmussenin İrəvanda gözlənilmədən peyda olması bunun sübutu sayıla bilər. Rasmussenin ABŞ-ın əsas təbliğatçısı, eləcə də Zelenskinin müharibədən öncə müşaviri olması, İrəvanın əslində Moskva ilə bağlı nə planlaşdırdığını anlamağa kömək edir. Görünür, Paşinyan Rusiyanın Ermənistanda bitirilməsinin yekun fazasının reallaşdırılmasına başlayıb. Bundan isə İrəvanın uğurla çıxıb-çıxmayacağı sual olaraq qalır.

İlkin Həsənov
Globalinfo.az