İşlədiyi şirkətin seyfindən 46 min oğurlayıb qumara qoydu – FİLM KİMİ HADİSƏ

 

Bakıda işlədiyi şirkətin ofisindən 46 444 manat pul oğurlayan Sumqayt sakini, 1992-ci il təvəllüdlü Teyyub Əfəndiyevə hökm oxunub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Nizami rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq) maddəsi ilə təqsirləndirilən T.Əfəndiyev külli miqdarda borcu olduğu üçün bu əməli törətdiyini deyib.

O, bildirib ki, çalışdığı şirkətdə otaqların açarlarının harada olduğunu bilib və cinayət əməlini əvvəlcədən planlaşdırıb:

“Ərzaq məhsullarının paylanması üzrə MMC-də “Ford Tranzit” markalı avtomobilin sürücüsü kimi işləyirdim. Bu müddətdə müxtəlif bank və şəxslərə borcum vardı, pulu necə qaytacağımı düşünərkən maliyyə şöbəsindəki kassadan pul oğurlamaq qərarına gəldim. 29 iyul 2022-ci il tarixdə həftənin 5-ci günü saat 18 radələrində, işçilər şirkətdən getdikdən sonra şirkətdə bütün otaqların qapılarının açıq olmasını bildiyim üçün kassa otağına daxil oldum. Həmin vaxt şirkət tam bağlanmamışdı, buna görə də siqnalizasiya sistemi qoşulmadı. Siyirmələrə baxıb kassa açarını tapdım. Əvvəllər “Azərbaycan Dövlət Reklam Agentliyi”ində rəisin sürücüsü işlədiyim dövrdə kassaların iki açarının olduğunu öyrənmişdim. Oğurluq etməkdə o qədər qərarlı idim ki, kassanı aça bilməzsəm kassanın özünü bütöv götürüb oğurlayıb aparacağımı fikirləşmişdim”.

T.Əfəndiyev bundan 2 gün sonra şirkətin kamera otağına daxil olaraq serverin yaddaş bataerayasını götürüb və həmin gün axşam bütün işçilər ofisi tərk edəndən sonra kassa otağına daxil olaraq kassadakı bütün pulları götürüb. O, ofisi arxa qapıdan tərk edərək özünə məxsus “Toyota Prius” markalı avtomobillə ərazini tərk edib.

Təqsirləndirilən şəxs bildirib ki, pulları götürüb yaşadığı evə gedib və həyat yoldaşına Özbəkistanda olan dostunun pul göndərdiyini deyib. Həmin puldan ona 5000 manat verib: “Sonra maşına minib “Mərkəzi Poçt”un yanına getdim, arxa yük yerində olan pullardan 12000 manat pul sayıb cibimə qoyaraq “Rafiqin dükanı” adlanan mağazaya gedib Rafiqdən “faizə” götürdüyüm əsas borcum olan 11800 manatı ona verdim. Rafiq pulu sayıb borcumu siləcəyini, lakin hələ 500 və 600 manat da əvvəldən borclu qalmağımı dedi. Oradan çıxıb Nəsimi heykəlinin yanına getdim, “Milli Ön” terminalı ilə bank kartıma təxminən 2000 manat pul köçürdüm, daha sonra həmin terminal aparatı ilə “Xbet” adlı onlayn internet qumar oyununa təxminən 4200 manat pul ödədim və oradaca da həmin pulun hamısını uduzdum. Kartımdan telefonumdakı mobil tətbiq vasitəsilə “online” qaydada kreditə götürdüyüm avtomobilin sahibinin kart hesabına 1350 manat pul köçürdüm. Həmin gecə Sumqayıt şəhəri, 17-ci mikrorayondakı “Qartal” anbarının arxasındakı yerdə ofisi olan qaynaqçı Rövşənin kart hesabına borclu olduğum 90 manat pulu, 125 manat isə 11-ci mikrorayonda çap işi ilə məşğul olan Pərvinə borcumu qaytardım. Bundan sonra dostlrımı götürüb Novxanıdakı otelə istirahətə getdik və 3 qız dəvət etdik. Sonra saat 2 radələrində evə qayıdanda yolda maşında olan yaddaş batareyasını götürüb yandırdım. Sonra iş yoldaşıma zəng edib kartın şəklini yollamasını və ona olan 420 manat borcumu ödəyəcəyimi dedm. Həmin gecə saat 01 radələrində internetdə “Mosbet” adlı mərc oyununda 500 manata yaxın pul uduzdum”.

Növbəti gün Teyyub işə gedərkən ofisdən oğurluq edilməsi bildirilib. Bu zaman Teyyub özünü şübhəli aparmağa başlayıb və özünü pis hiss edib. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları onu dindirərkən oğurluğun Teyyub tərəfindən tördilməsi məlum olub və o saxlanılıb.

Nizami rayon Məhkəməsində keçirilən prosesdə şirkətin nümayəndəsi Teyyubun oğurladığı bütün pulların şirkətə qayarldığını bildirib və ondan şikayət və tələblərinin olmadığını bildirib.
T.Əfəndiyevin ilk dəfə cinayət törətməsi, 2 azyaşlı övladının olması, yaşadığı ərazidə müsbət xarakterizə edilməsi, dəymiş ziyanı ödəməsi, səmimi peşmançılıq çəkməsi və 5 aydan artıq həbsdə olması nəzərə alınaraq ona 1 il 7 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Üzərinə elektron qurğu taxılan və bir sıra məhdudlaşdırıcı tədbirlər təbiq edilən 30 yaşlı şəxs məhkəmə zalındaca azadlığa buraxılıb.

Malik
Globalinfo.az