
Martın 13-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan suallara cavab verib.
Globalinfo.az xəbər verir ki, A.Qukasyan işğal dövründə təmas xəttində baş verən atışmalar, hadisələr ilə bağlı məlumatların ilk olaraq Ermənistan Müdafiə Nazirliyinə verildiyini bildirərək qeyd edib:
“Sonra bizə də məlumat verilirdi ki, məlumatımız olsun”.
O, qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini söyləyib:
“Dağlıq Qarabağ” heç bir ölkə tərəfindən tanınmadığına görə pasportlarımızda “Ermənistan Respublikası” yazılırdı. Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə, Xankəndi, Ağdərədirsə, Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.