İraq prezidentinin Bakıya səfərinin gizlinləri – Ekspert izah edir

“İraq xarici siyasi kursunda adətən İraq Kürdüstanı amilini nəzərə alır, yəni Ərbillə münasibətlər quran ölkələrlə yaxınlaşmaqda Bağdad da maraqlıdır, ən azı balans yaratmaq baxımından”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İraq prezidentinin Bakıya səfərinə hər şeydən öncə bu kontekstdə baxmaq olar:

“Çünki iyulun 18-də İraq Kürdüstanının Prezidenti Nerçivan Bərzani Bakıya səfər etmişdi və enerji məsələləri üzrə razılaşmalar əldə edilmişdi. Bərzaninin səfəri, Bakı-Ərbil yaxınlaşması İraqı Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə sövq edir.

Asif Nərimanlı

Burada enerji məsələsi də həlledici amillərdən biridir. Azərbaycan İraqın neft yataqlarının istismarına texniki dəstək verir. O cümlədən, İraq neftinin qlobal bazara təhlükəsiz şəraitdə çıxması məsələsinə də Azərbaycan dəstək verə bilər. Azərbaycan və İraqın OPEC+ çərçivəsində, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında əməkdaşlığı mövcuddur. Azərbaycan xüsusilə İƏT və QH-də aparıcı ölkələrdən biridir və Bağdad bu kontekstdə də Bakı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”.

Turan Rzayev
Globalinfo.az