İranda kütləvi etirazlar fonunda ölkə üzrə internet və mobil rabitənin demək olar ki, tamamilə dayandırıldığı bir vaxtda amerikalı milyarder İlon Mask “Starlink” peyk internetinə pulsuz giriş açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, “Starlink” İranda rəsmi olaraq qadağandır. Buna baxmayaraq, insan haqları müdafiəçilərinin qiymətləndirmələrinə əsasən, ölkədə artıq 50 mindən çox “Starlink” terminalı qeyri-qanuni yollarla gətirilib və istifadə olunur.
Məlumata görə, hakimiyyət orqanları peyk siqnallarını boğmağa və istifadəçiləri müəyyənləşdirməyə çalışsa da, sistemi tam bloklamaq mümkün deyil. Çünki peyk interneti milli infrastrukturdan asılı olmadığı üçün dövlət məhdudiyyətlərini aşmağa imkan verir.
Eyni zamanda Qərb mediası İranda etirazların zorakılıqla yatırılması nəticəsində ölənlərin sayının kəskin artdığını bildirir. Lakin internet və rabitənin kəsilməsi səbəbindən baş verənlərin real miqyasını dəqiq təsdiqləmək mümkün deyil.
Aysel Əliyeva
Globalinfo.az